"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. “Hraparak” qəzeti yazıb ki, görüşdə keşiş Baqrat Sərkisyandan mübarizəsinə dəstək istəyib. Qalstanyan hərəkatın gələcək taktikasının nədən ibarət olmasından danışıb. O, parlamentdə Baş nazir Paşinyanın impiçmentinin tərəfdarı olduğunu söyləyərək indiki vəziyyətdə hökumətə qarşı küçə təzyiqinin artmasının daha effektiv nəticə yarada biləcəyini qeyd edib.
Sərkisyan isə bildirib ki, onun rəhbərlik etdiyi Respublika Partiyası hərəkata dəstək verib, respublikaçılardan ibarət ayrı-ayrı qruplar vaxtaşırı Kirantsa gedib-gəliblər. Eks-prezident gələcək hakimiyyət sistemində yer tutmaq fikrində olmadığını da deyib və bildirib ki, hazırda müxalifətin əsas məqsədi Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaqdır.
Xatırladaq ki, Azərbaycanla sərhədlərin delimitasiyasına qarşı çıxan erməni keşiş Baqratın rəhbərlik etdiyi revanşist hərəkat Paşinyanı impiçment yolu ilə devirmək istəsə də, bu prosesinin ilk mərhələdə uğursuzluğa düçar oldu. Son günlər isə onun Tavuşda və İrəvanda keçirdiyi etiraz aksiyalarında iştirakçıların sayı sürətlə azalır. Bu, o deməkdir ki, Ermənistandakı revanşist qüvvələrin Azərbaycanla sərhədlərin delimitasiyasına qarşı çıxmaq təşəbbüsləri fiaskoya uğrayır. “Vətən naminə Tavuş” hərəkatının lideri Baqrat Qalstanyanın sabiq prezidentlər Sərkisyan və Köçəryanın dəstəyi ilə başladığı küçə mübarizəsi də artıq tənəzzülünü yaşayır.
Elxan SALAHOV