“Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlar olasınız”.
Heydər Əliyev
Xalqımızın Ümummilli Lideri Abşeronun yaşıllıqlar diyarına çevrilməsi üçün bir çox tədbirlərin görülməsinə nail olub. Heydər Əliyev sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə (1969-1982) yaşıllığın qədrini bilməyənlərə anlatdı ki, yaşıllıq olmayan yerdə həyat yoxdur. Dahi lider deyirdi: “Əgər kimsə sağlam ağacı kəsirsə, o nəinki xalqına, millətinə , ölkəsinə xəyanət edir, o öz ailəsinə, öz-özünə xəyanət edir. İnsan qurmalıdır, yaratmalıdır. Hər kəs iki ağac əkib böyütməlidir”.
Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra müharibə şəraitində, ağır vəziyyətdə olsaq da, nəinki Bakı şəhərində, eləcə də, respublikamızın bütün bölgələrində yaşıllığa diqqət yenidən artırıldı. Planetin ağciyərləri olan meşələrin qorunması yenidən gündəmə gəldi. Yaşıllaşdırma paytaxt Bakıda və Abşeronda bundan sonra başladı.
Qeyd edək ki, Heydər Əliyevin respublikamıza birinci rəhbərliyi dövründə, 1969-1982-ci illərdə ətraf mühit sahəsində 8 qanun qəbul olunub, Hökumət səviyyəsində 30-dan artıq qərar təsdiq edilib.
1993-cü ildə yenidən hakimiyyətə gəlmiş Ulu Öndərimiz ekoloji məsələləri bir daha önə çəkdi, meşə, torpaq, su və s. haqqında bir sıra yeni qanunlar qəbul edildi. 1998-ci ildə ekoloji prioritetləri müəyyən edən “Ətraf mühitin mühafizəsi üzrə Milli Fəaliyyət Planı” hazırlandı. Bu Proqramda nəzərdə tutulmuş layihələrin həyata keçirilməsi nəticəsində Azərbaycanda müasir Təhlükəli Tullantılar Poliqonu, Xıllı Nərə Balıqartırma zavodu inşa edildi.
2003-cü ildə Heydər Əliyev tərəfindən ekoloji siyasətin müasir strategiya sənədi olan “Ekoloji cəhətdən davamlı sosial-iqtisadi inkişafa dair” Milli Proqram təsdiq edildi. Bu strateji proqram əsasında ətraf mühitin müxtəlif sahələri üzrə 4 milli və dövlət proqramları, Kompleks Tədbirlər Planı təsdiq edilib və həyata keçirilir.
Dövlət başçısı kimi Ümummilli Liderin ekoloji siyasətinin prioritet istiqamətlərindən biri də ölkədə mövcud olan su ehtiyatlarının çirklənməsinin qarşısının alınması, xüsusən də, ölkənin su təchizatı, onun inkişafı və dirçəlişi olub. Ona görə də bu istiqamətdə Ulu Öndər Heydər Əliyev tərəfindən bir çox tədbirlər həyata keçirilib. Bakıda yaşıllıq zonalarının salınması su təchizatında böyük irəliləyişlər nəticəsində mümkün olub.
“İnsanın yaxşı həyatını təmin edən amillərdən biri də ekologiya- içdiyimiz su, udduğumuz havadır ki, bunları qorumalıyıq, gələcək nəsillərə ötürməliyik,” - deyən Ulu Öndər Heydər Əliyev respublikanın rəhbəri təyin olunduğu andan Abşeron yarımadasının su təchizatı istiqamətində müxtəlif tədbirlər həyata keçirdi. Ümummilli Liderin təşəbbüsü ilə Kür-Bakı su kəmərinin tikintisinə başlanıldı. İlk olaraq I Kür su kəməri istifadəyə verildi. Ceyranbatan su qovşağında aparılmış yenidənqurma işləri də regionun su təchizatını xeyli yaxşılaşdırmağa və şəhər əhalisinin su ilə təmin olunmasına imkan verib. Digər qərar isə II Kür su kəmərinin tikintisi haqqında qəbul olundu və I Kür su kəmərinə paralel olaraq II Kür su kəmərləri sistemi istifadəyə verildi.
Azərbaycan respublikası müstəqillik əldə etdikdən sonra Ulu Öndər Heydər Əliyevin qərarı nəticəsində Bakının və Abşeron yarımadasının digər yaşayış məntəqələrinin keyfiyyətli içməli su ilə təmin olunması məqsədilə 2002-ci ildə Oğuz və Qəbələ rayonları ərazisindəki zəngin su ehtiyatlarının paytaxta gətirilməsi üçün Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi qərara alındı.
Qeyd edək ki, respublikamızda ekoloji problemlərin həll edilməsini daim diqqətdə saxlayan, xüsusilə yaşıllaşdırmaya böyük önəm verən Ulu Öndər Heydər Əliyevin 2001-ci il 23 may tarixli Fərmanı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb. Respublika Prezidentinin 2001-ci il 18 sentyabr tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”si təsdiq edilib. Əsasnaməyə görə, Azərbaycan Respublikası ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü təbii sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası, hidrometeoroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması sahəsində dövlət siyasətinin həyata keçirilməsi nazirliyə tapşırılıb.
Sonrakı illərdə Ümummilli Lider Heydər Əliyevin ölkənin ekoloji vəziyyətinin yaxşılaşdırılması, ağacların əkilməsi, xüsusən də, Bakıda və Abşeron yarımadasında yaşıllıq zolaqların genişləndirilməsi üçün verdiyi tapşırıqlar, su ehtiyatlarının çirklənməsinin qarşısının alınması, ölkənin su təchizatı, inkişafı və dirçəlişi istiqamətində gördüyü tədbirlər onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında bu gün də uğurla davam etdirilir. 30 ilə yaxın erməni vandalları tərəfindən ekoloji terrora məruz qalmış torpaqlarımız Ali Baş Komandanın, şəhid və qazilərimizin sayəsində işğaldan azad edildi.
Ölkəmizin 2024-cü ildə dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən olan COP-29-a sahiblik etməsi üçün seçilməsi Azərbaycan Prezidentinin növbəti qələbəsidir. 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ölkə rəhbərliyinin ekoloji siyasətə önəm verdiyinin bariz nümunəsidir.
Hazırladı: Nuranə DAVRİNBƏYOVA
Bakı şəhəri, Qaradağ rayon Heydər Əliyev Mərkəzinin kiçik elmi işçisi