Bunu Milli Məclisin deputatı Soltan Məmmədov deyib.
Soltan Məmmədov bildirib ki, bu, bir daha təsdiq edir ki, Fransa Cənubi Qafqazda sülh və qarşılıqlı etimad mühitinin yaradılmasında maraqlı deyil: “Fransa bir tərəfdən Ermənistanı silahlandırır, digər tərəfdən sülh çağırışları etməklə beynəlxalq münasibətlər sistemində son illərdə itirməkdə olduğu siyasi nüfuzuna da zərbə vurur. Azərbaycan ictimai rəyində Fransanın tərəfsizliyinə ciddi şübhələr mövcuddur. Son hadisələr, o cümlədən, Fransa hökuməti və parlamentinin atdığı addımlar, qəbul etdiyi sənədlər bu şübhələrin əsassız olmadığını dəfələrlə təsdiq edib. Azərbaycan öz təcrübəsinə əsaslanaraq hesab edir ki, Fransa Cənubi Qafqazdakı proseslərdə iştirakı regiona fayda gətirə bilməz. Ərazilərimizin 30 ilə yaxın müddtədə işğal altında qaldığı dövrdə Fransa ATƏT-in Minsk Qrupunun həmsədri olub və bir dəfə də olsun işğal faktına obyektiv, ədalətli qiymət verməyə təşəbbüs göstərməyib”.
Deputat qeyd edib ki, Fransa bütün imkanlarını səfərbər edərək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməyə hazırlaşan Azərbaycanı hədəfə gətirməyə cəhd göstərir. Əsas məqsəd isə ondan ibarətdir ki, Azərbaycan regionda sülhə maneə yaradan ölkə kimi dünyaya təqdim olunsun: “Fransanın siyasəti aydın şəkildə göstərir ki, bu ölkə Cənubi Qafqazda daim gərginliyin qalmasında, yeni münaqişələrin yaranmasında maraqlıdır. Çünki regional sabitlik, bu bölgənin xalqları arasında qarşılıqlı anlaşma, iqtisadi və siyasi sferada əməkdaşlıq mühitinin formalaşması Fransanın öz iddialarını həyata keçirməyə imkan yaratmır. Təəssüf ki, biz Ermənistanın bəzi əsassız və perspektivsiz vədlərə həddindən artıq böyük ümidlər bəslədiyini müşahidə edirik”.
Soltan Məmmədov vurğulayıb ki, Fransanın yürütdüyü siyasət bu ölkəyə, eyni zamanda israrla dəstəklədiyi Ermənistana fayda gətirməyəcək: “Fransa hökuməti başqa dövlətləri ittiham etməyə yox, öz xarici siyasətində qarşılaşdığı uğursuzluqları təhlil etməyə diqqət ayırmalıdır. Çünki son illərdə baş vermiş bir çox hadisələr Fransanın bu uğursuzluqlarının səbəblərini ciddi şəkildə araşdırmalı olduğunu göstərir”. (APA)