20.10.2024, 11:54
AZ EN
25.01.2024, 21:30 219

ABŞ COP29 çərçivəsində iqlim məqsədlərinə nail olmaq üçün Azərbaycanla əməkdaşlıqda maraqlıdır - Laura Loxman

XƏBƏRLƏR
  • Birləşmiş Ştatlar COP29 çərçivəsində iqlim məqsədlərinə nail olmaq üçün Azərbaycanla işləməkdə maraqlıdır.

Bunu ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Laura Loxman Caspian Policy Center-in təşkilatçılığı ilə Qara dəniz regionunda təhlükəsizlik üzrə konfransında deyib.

Loxman qeyd edib ki, Gürcüstan və Azərbaycan Qara dənizin sadəcə karbohidrogen kəşfiyyatı və işlənməsi regionu olmadığının gözəl nümunəsidir.

"Bu ölkələrin bərpa olunan enerji, xüsusilə külək enerjisi sahəsində böyük imkanları var. Təklif olunan Qara dəniz elektrik kabeli Cənubi Qafqaz və Aİ enerji bazarları arasında əlaqəni yaxşılaşdıracaq və mövcud olan böyük külək resurslarından faydalanmağa imkan verəcək.", - deyə o vurğulayıb.

Loxman hesab edir ki, Azərbaycanda keçiriləcək COP29 konfransını nəzərə alsaq, bütün bunlar daha böyük əhəmiyyət kəsb edir.

"Beləliklə, biz COP29 konfransı çərçivəsində təmiz enerjiyə keçid və iqlim məqsədlərimizə nail olmaq üçün Azərbaycanla, özəl sektorla və təbii ki, bir çox başqa ölkələrlə işləməyi səbirsizliklə gözləyirik.", - deyə o əlavə edib.

Xatırladaq ki, 2022-ci il dekabrın 17-də Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Qafqaz regionundan Avropaya enerji körpüsünün tikintisini nəzərdə tutan strateji tərəfdaşlıq sazişi imzalayıblar. Əldə edilən razılaşma çərçivəsində 1000 MVt gücündə və 1195 kilometr uzunluğunda Black Sea Energy dənizaltı elektrik kabelinin çəkilməsi gözlənilir. Kabel Azərbaycanda hasil edilən yaşıl elektrik enerjisini Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya çatdırmaq üçün Macarıstana və Avropanın qalan hissəsinə nəql edəcək.

COP29-nun Azərbaycanda keçirilməsi ilə bağlı qərar 2023-cü il dekabrın 11-də Dubayda rəsmi olaraq elan edilib. Azərbaycan bu ilin noyabrında bu tədbirə ev sahibliyi edəcək. (Trend)

Oxşar xəbərlər