20.10.2024, 02:37
AZ EN
29.12.2023, 14:19 286

İşğal altındakı 8 kənd iki mərhələdə qaytarıla bilər

XƏBƏRLƏR
  • Xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında hələ də Ermənistan işğalında qalan 8 kəndlə (Kərki kəndi və Qazaxın 7 kəndi) bağlı məsələlərə qismən də olsa, aydınlıq gətirib.

"Vətən səsi" xəbər verir ki, nazir açıqlamasında sözügedən 8 kəndin Azərbaycanın nəzarətinə qaytarılmasına delimitasiya çərçivəsində baxılacağını deyib. Ceyhun Bayramov həmin kəndlərdən 4-nün anklav olmadığını, “bizim digər kəndlərə bitişik formada” olduğunu vurğulayıb: "Bizim yanaşmamız ondan ibarətdir ki, həmin kəndlərin qaytarılması ilə bağlı bəlli bir ardıcıllıq olsun”.

Bununla belə, nazir Ermənistanın "anklav" adı ilə işğal altında saxladığı 8 kəndin hansı şərtlər və ardıcıllıq əsasında Azərbaycana qayrıla biləcəyinə dair heç bir açıqlama verməyib. Siyasi şərhçi Asif Nərimanlı isə hesab edir ki, nazirin bu açıqlaması sözügedən kəndlərin iki mərhələdə geri qaytarılması ilə bağlı Azərbaycanın mövqeyini əks etdirir. Onun sözlərinə görə, rəsmi Bakı delimitasiya prosesində 8 kəndin qaytarılmasını iki mərhələyə bölür. Birinci mərhələdə anklav olmayan 4 kənd (Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli) qaytarılır, ikinci mərhələdə isə anklav sayılan Kərki və Qazaxın Sofulu, Yuxarı Əskipara və Bərxudarlı kəndləri müzakirə olunur.

"Anklavlar məsələsində iki çətinlik var. Birincisi, anklavlar qaytarılacağı təqdirdə, bu kəndlərlə əlaqə üçün dəhliz verilməlidir və bu, dəhlizlərin təhlükəsizliyinin təmin edilməsində üçüncü tərəflərin prosesə müdaxiləsinə zəmin yarada bilər. İkincisi, Ermənistan 8 kənd məsələsinə qarşı Başkənd iddiasını irəli sürür. Rəsmi Bakı isə özünün haqlı mövqeyindən geri addım atmaq niyyətində deyil və belə olan halda 8 kəndin azad edilməsi üçün yalnız hərbi yol qalır, hərçənd, ən azı yaxın perspektivdə bu variant gündəmdə deyil. Bu isə təkcə sülh sazişinin imzalanmasına yox, həm də anklav olmayan kəndlərin qaytarılması perspektivinə də maneələr yaradır.  Bu baxımdan, Azərbaycan İrəvanın 8 kəndə qarşı Başkənd iddiasını gündəmdən çıxarmaq, həm də anklav olmayan 4 kəndin qaytarılmasını tezləşdirmək üçün “mərhələli həll” variantından çıxış edir", - deyə, politoloq əlavə edib.

Xatırladaq ki, 1992-ci ildə Ermənistan ordusu Qazax rayonuna daxil olan 7, Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun isə 1 kəndini işğal edib. Həmin kəndlərin ərazisi aşağıdakı kimidir:
Yuxarı Əskipara - 8.6 kv. km,
Aşağı Əskipara - 9.1 kv. km,
Baganıs Ayrım - 40 kv. km,
Barxudarlı - 10.1 kv. km,
Sofulu - 22 kv. km,
Qızılhacılı - 11 kv. km,
Xeyrimli  - 4.1 kv. km.
Kərki (Naxçıvan MR) - 19.2 kv. km.

1992-ci ildə Azərbaycan ordusunun nəzarətinə keçən Başkəndin ərazisi 40 kv.km-dir.

Elxan SALAHOV

Oxşar xəbərlər