19.10.2024, 19:26
AZ EN
27.12.2023, 18:10 212

Dünya ölkələri Cənubi Qafqazın güc mərkəzinin Azərbaycan olduğunu başa düşməlidir

XƏBƏRLƏR
  • Təəssüf ki, Fransa hər zaman Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirib. Bu qərəz torpaqlarımızın işğal altında olduğu 30 il müddətində və işğaldan azad edildiyi dövrdə, eyni zamanda, bu ilin sentyabrında keçirilən antiterror tədbirləri zamanı özünü göstərib. Fransa Cənubi Qafqazda Ermənistanı özünün tərəfdaşı qismində görür. Bu səbəbdən də bu ölkə Azərbaycana qarşı birmənalı olaraq ədalətsiz mövqe nümayiş etdirməkdədir. Son günlər baş verənlər Fransanın Azərbaycanda agentura şəbəkəsini formalaşdırmaq niyyətində olduğunu göstərdi.

Bu fikirləri açıqlamasında “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərova səsləndirib.

G. Səfərova bu gün Azərbaycanın dünyada enerji təhlükəsizliyi məsələsində olduqca etibarlı tərəfdaş kimi çıxış etdiyini vurğulayıb.

“Dünya ölkələri Cənubi Qafqazın güc mərkəzinin Azərbaycan olduğunu başa düşməlidir. 2024-cü ildə keçiriləcək COP29-a və digər beynəlxalq əhəmiyyətli tədbirlərə Azərbaycanın ev sahibliyi etməsinə görə Fransa ölkəmizin daxilində hər hansı iğtişaş yaradacaq əməllərə əl atmaq niyyətindədir. Bu, bizim üçün gözlənilən idi. Çünki Fransa heç vaxt özünün qərəzli əməllərindən əl çəkməyəcək. Hazırda ölkəmiz üçün həssas bir dövrə qədəm qoyuruq. Agentura şəbəkəsinin 2 nəfərdən ibarət olduğunu düşünmürəm. Azərbaycanın təhlükəsizlik orqanları əməkdaşlarının agentura şəbəkəsinin digər üzvlərini də üzə çıxaracağına əminəm”, - deyə QHT sədri bildirib.

Erməni lobbisinin Fransada kifayət qədər güclü təsir qüvvəsinin olduğunu xatırladan QHT sədri bildirib ki, Emmanuel Makron hakimiyyətə gələndə erməni lobbi qrupu və Fransada yaşayan erməni əhalisi ilə bağlı bir sıra öhdəliklər götürüb. Agentura şəbəkəsinin aşkar edilməsi də Makronun siyasi baxımdan nüfuzdan düşməsinə gətirib çıxaracaq.

G. Səfərova ATƏT-in Minsk qrupunun həmsədri olan Fransanın uzun müddət status-kvonu qoruyub saxladığını xatırladaraq, bunun Qarabağ münaqişəsinin həllinin uzanmasına gətirib çıxardığını vurğulayıb.

“Azərbaycan müstəqil ölkə kimi öz ərazisində uzun illər dondurulmuş bir münaqişəni həll etdi. Ölkəmiz 2020-ci ildə status-kvonu yerlə-yeksan etdi, 2023-cü ilin sentyabrında isə ərazi suverenliyini tam olaraq bərpa etdi. Bu münaqişədən nə Avropa, nə də digər ölkələr istifadə edə bildi. Məlumdur ki, Cənubi Qafqazda və dünyanın digər bölgələrində həll olunmayan digər münaqişələr var. Azərbaycan həmin ölkələrə də münaqişələrin həlli yolunu göstərdi. Bütün bunlar Makronun siyasi məğlubiyyəti deməkdir. Fransanın digər məğlubiyyəti isə Ermənistana silah satışı prosesinin həyata keçirə bilməməsi ilə bağlı oldu. Məlumdur ki, Ermənistanın hərbi sənayesi Rusiyanın əlindədir. Bu məsələdə də maraqların toqquşması baş verdi.

Fransa Cənubi Qafqazda söz sahibi olmaq istəyir. Bütün bu uğursuzluqlar səbəbindən Makron hakimiyyəti ölkəmizə qarşı qərəzli siyasət yürüdür. Bir müddət keçəndən sonra erməni cəmiyyəti Fransanın yalnız sözdə onların yanında olacağını görəcək. Bu da növbəti seçkilərdə Makron hakimiyyəti üçün erməni lobbisinin səslərinin azalması ilə nəticələnəcəyinə əminəm”, - deyə G.Səfərova qeyd edib. (AZERTAC)

Oxşar xəbərlər