Azərbaycan ordusunun Qarabağda həyata keçirdiyi antiterror tədbirlərindən sonra qondarma artsaxın sonuncu "prezidenti" Samvel Şahramanyanın separatçı rejimin buraxılması haqqında imzaladığı "fərman"ın qüvvədən düşməsi barədə yayılan məlumatlar Ermənistanda ciddi mübahisələrə və müzakirələrə səbəb olub.
"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatında və sosial şəbəkələrin erməni seqmentində müxtəlif səpkili məlumatlar yayılır. Bildirilir ki, nə tanınmamış artsaxın mövcudluğu və fəaliyyət, nə də onun ləğvi barədə "qərarların" heç bir hüquqi əsası yoxdur. Çünki Qarabağda keçirilən antiterror tədbirlərindən sonra qondarma artsax "respublikası"nın buraxıldı elan edilib, separatçı "hökumət" və onların tabeliyindəki qanunsuz hərbi birləşmələr Azərbaycan hökumətinin qanuni tələblərini qəbul edərək təslim olub, bölgəni tərk edərək Ermənistana keçiblər. Ermənistan Respublikasında isə qondarma rejimin öz fəaliyyətini davam etdirməsi barədə nə hüquqi nə də siyasi qərar yoxdur. Belə olan halda separatçı rejimin sonunci "rəhbəri" Samvel Şahramanın qondarma artsaxın buraxılması barədə "fərman"ı guya ləğv etməsi və həmin qərarın" qüvvədən düşmüş sayılması mümkün deyil.
Ermənistanın hakim “Vətəndaş aszişi” partiyasının parlamentdəki fraksiyasının katibi Artur Ovanisyan öz “Facebook” səhifəsində separatçı-terrorçu rejimin buraxılması haqqında bu il sentyabrın 28-də sonuncu “prezident”inin imzaladığı “fərman”ın qüvvədən salınması haqqında yeni “fərman” imzalaması barədə söz-söhbətə belə münasibət bildirib: "Samvel Şahramanyan kimdir ki, İrəvanda fərman imzalasın? İrəvanda və Ermənistanda yalnız və müstəsna olaraq Ermənistan Respublikasının qanuni rəhbərliyinin fərman və qərarları qüvvədədir. Ermənistanda hakimiyyət xalqa məxsusdur, xalq özünün legitim parlamentini, Baş nazirini seçib, təsisatları formalaşdırıb və hökumət Ermənistanın qanuni hökumətidir. Buna qarşı çıxan və ya mübarizə aparan istənilən təşəbbüs dövlət əleyhinə fəaliyyət kimi qiymətləndiriləcək, qanundan kənarlaşdırılacaq və dövlət tərəfindən buna qarşı ən sərt tədbirlər görüləcək. Ermənistanı yeni hərbi təxribata cəlb etməyə çalışanların bütün planları alt-üst olacaq, müəlliflər isə ciddi şəkildə cəzalandırılacaq”.
Erməni deputat deyib ki, Şahramanyan Qarabağda yaşayan dinc erməni sakinlərin hüquq və mənavelərini qoruya bilməyib və indi onların adından çıxış edərək Ermənistanı təxribatlara sürükləyir: "Əslində, artsaxın kapitulyasiyasına imza atan, bütün döyüş sursatı və texnikasını düşmənə (Azərbaycanı nəzərdə tutur) bağışlayan Şahramanyan indi də Ermənistanı müharibəyə cəlb etməyə cəhd edir. Artsax "prezidenti" və onun “məmurları” ilk növbədə maaş almadıqlarına üzülürlər. Onlar Ermənistanın Respublikasının daxilində bəzi institutların yaradılmasından danışırlar. Bu, Ermənistanı açıq-aşkar təxribatlara çəkməkdir. Amma Ermənistanı yeni hərbi təxribata cəlb etməyə çalışanların bütün planları alt-üst olacaq, müəlliflər isə ciddi şəkildə cəzalandırılacaq.”
Ermənistan parlamentinin digər deputatı Gevorq Papoyan da “artsax”ın sonuncu rəhbərinin separatçı rejimin ləğvi haqda sentyabr 28-də imzaladığı “fərman”ın qüvvədən düşməsi ilə bağlı bəyanatına sərt reaksiya verib: "Samvel Şahramanyan Qarabağdan köçkün düşən digər soydaşlarımız kimi Ermənistanda yalnız şəxsi xarakterli kağız və sənədlərə (ərizə, şəxsi əşyalar, xatirə dəftəri, pasport, müəllif kitabı və s.) imza ata bilər. Ermənistanda dövlət qərarlarını, sərəncamlarını, fərmanlarını yalnız dövlətin qanunla fəaliyyət göstərən yüksək vəzifəli məmurları imzalaya bilər. Ermənistan hökuməti də bu iddialara cavab verib və bir daha həmin şəxslərin diqqətinə çatdırlılır ki, “dövlət daxilində dövlət yaratmaq ideyası Ermənistan üçün təhlükəsizlik təhdidləri yaradır".
Samvel Şahramanyanın rəqiblərindən biri, ictimai fəal Tiqran Petorsyan isə qondarma "respublika"nın sonunci "prezidenti"nin geri addım atdığına və separatçı rejimin buraxılması haqqında "fərman"ın ləğv edildiyinə əmindir: “Mən Samvel Şahramanyanla görüşmək məqsədilə onu artsaxın ləğvi haqqında NH-657-N saylı "fərmanı"nı ilin sonunadək qüvvədən düşmüş hesab etməyə çağırmaq üçün artsaxın nümayəndəliyinə getdim. Təəssüflər olsun ki, Şahramanyan məni qəbul etmədi və xahişimi başqa adamlar vasitəsilə çatdırmalı oldum. Məndə olan məlumata görə, artıq belə bir fərman var, sadəcə dərc olunmayıb və belə fərmanlar dərc olunduğu andan qüvvəyə minir. Bu günlərdə ləğv fərmanını dərc etmək üçün əlimizdən gələni edəcəyik".
"Şahramanyana gəlincə, onu deyim ki, o, milli təhlükəsizlik xidmətinin direktoru olanda Bako Saakyan və digərlərinin əleyhinə çirkab toplamaqla məşğul idi. Onda türk agentləri artsaxa səfər edirdilər. Axırda nə baş verdiyini hamımız bilirik. Artsax məhz Şahramanyanın hakimiyyəti dövründə dağıdıldı. Xankəndidə benzin partlayışından yüzlərlə qurban oldu, bunun da əsas günahkarı və məsuliyyəti Şahramanyanın özüdür", - deyə Petrosyan əlavə edib.
Elxan SALAHOV