26.06.2025, 01:47
AZ EN
14.12.2023, 15:16 365

Erməni səfir sülh müqaviləsi barədə: "Reallıqları nəzərə almaq məcburiyyətindəyik"

XƏBƏRLƏR

“Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi hələ imzalanmağa hazır deyil, yekun layihə yoxdur. Lakin xarici işlər nazirlərinin yanvarda gözlənilən görüşündə yekun müqavilənin mətninin razılaşdırılmasına ümid var”.

"Vətən səsi" xəbər verir ki, bunu Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan Ermənistan İctimai Televiziya kanalına müsahibəsində bildirib. O, rəsmi Bakının 32 erməni hərbçisini azad etməsini Ermənistanla Azərbaycan arasında etimad mühitinin möhkəmləndirilməsi istiqamətində müsbət addım adlandırıb: "Əsirlərin azad edilməsi barədə razılaşmadan sonra sülh sazişinə də ümidlər çox artıb. Hətta bu cür “böyük olmayan addımlarla” belə, sülh razılaşması əldə oluna bilər".

Marukyan etiraf edib ki, mövcud reallıqlar əsasında hazırlanan sülh müqaviləsi Ermənistan üçün o qədər də arzuolunan nəticələrə gətirib çıxarmasa da, rəsmi İrəvan müəyyən şərtləri nəzərə almaq məcburiyyətindədir: "Çünki 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda qeyd olunan şərtlər artıq etibarlı deyil və işləmir. İndi regionda vəziyyət 2020-ci ildəkindən çox fərqlidir. Xüsusilə Azərbaycanın mövqeləri möhkəmlənib, üçtərəfli bəyanatın müddəaları köhnəlib".

Məhz buna görə, Marukyan hesab edir ki, sülh danışıqlarında Ermənistanın maraqlarının təmin olunması üçün bəzi məsələlərə həssas yanaşılmalıdır. Onun fikrincə, Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının bu və ya digər ölkədə keçirilməsi, heç də həmin ölkənin gələcək sülh müqaviləsinin qarantı olacağı anlamını daşımır: “Bu məsələyə diqqət yetirməyin xüsusi önəmi var. Çünki səhv təəssürat yaranıb ki, danışıqlar ABŞ-da, Brüsseldə və ya Moskvada gedirsə, deməli, onlar qarantdır. Əsla belə deyil. Zəmanət mexanizmi sənədləşdirilməli, tərəflər arasında mübahisə yaranarsa, müqavilədə bunun həllilə bağlı bütün şərtlər göstərilməlidir”.

Xüsusi tapşırıqlar üzrə səfir bildirib ki, sülh müqaviləsinin mətninin hazırlanması və tərəflər arasında razılaşdırılması uzun vaxt aparacaq.

Elxan SALAHOV

Oxşar xəbərlər