08.09.2024, 07:06
AZ EN
01.11.2023, 19:35 165

Qərbi Azərbaycana qayıdışımız tarixi ədalətin bərpasında yeni səhifə olacaq

XƏBƏRLƏR
  • Azərbaycan atdığı hər bir addımı ilə tarixi ədalətə və beynəlxalq hüquqa söykəndiyini təsdiqləyir və dünyaya belə bir çağırışı ünvanlayır ki, bütün hallarda zəfər çalan ədalət olur.

Buna əmin olmaq üçün 30 il davam edən işğal, 44 günlük İkinci Qarabağ müharibəsi və postmünaqişə dövrünün reallıqlarına diqqət yetirmək kifayətdir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşada Vaqif Poeziya Günlərinin açılışı mərasimində səsləndirdiyi bu fikirlər özündə bütün məqamları ehtiva edir: “İşğal dövründə bir çoxlarımız - həm keçmiş məcburi köçkünlər, həm bütün Azərbaycan xalqı, o cümlədən də mən dəfələrlə fikirləşirdik ki, dünyada ədalət yoxdur. Çünki ədalət olsaydı, biz bu vəziyyətə düşməzdik. Mən də o cümlədən belə fikirdə idim. Ancaq həyat göstərdi ki, ədalət var, sadəcə, dözümlü olmaq lazımdır, səbirli olmaq lazımdır, ədalətə inanmaq lazımdır və ədalətə nail olmaq üçün çalışmaq lazımdır, hədəfə doğru getmək lazımdır. Ədaləti bərpa etmək üçün fədakarlıq göstərmək lazımdır. Bu gün biz hamımız ürəyimizdə deyirik və açıq deyirik ki, bəli, ədalət var, ədalət bərpa edildi, biz bu gün Şuşadayıq və bundan sonra Şuşada əbədi yaşayacağıq”.

Azərbaycan şanlı Zəfəri ilə tarixi ədaləti və ərazi bütövlüyünü bərpa etdi. 30 il davam edən işğal dövründə ən yüksək tribunalardan Azərbaycanın dəyişməz mövqeyini bəyan edən Prezident İlham Əliyev bir qarış torpağımızın belə düşmənə verilməyəcəyini, işğalla barışmayacağımızı Ermənistana və ona havadarlıq edən dövlətlərə çatdırdı. Baxmayaraq ki, ermənilər zaman-zaman azərbaycanlılara və türklərə qarşı deportasiya, soyqırımı siyasəti həyata keçirib, tarixi saxtalaşdırmaqla özlərini “yazıq, məzlum, döyülən və əzilən” tərəf kimi təqdim etməyə az da olsa nail oldular, sonda sözünü deyən ədalət və beynəlxalq hüquq oldu. Azərbaycanın döyüş meydanında üstünlüyünü şərtləndirən amillər sırasında diplomatik mübarizədə qələbəsi mühüm rol oynadı. Azərbaycan dövləti hər zaman ermənilərin yalan təbliğatını real faktlara, tarixi həqiqətlərə əsaslanan siyasəti ilə alt-üst edir. Məlumdur ki, tarix faktlara əsaslandığı kimi, saxtakarlığı da sevmir. Ermənilər tarixin bütün dövrlərində yalanları və iftiraları ilə beynəlxalq ictimaiyyətin diqqətini yayındırmağa çalışsalar da daim fakt qarşısında acizlikləri ilə diqqətdə olublar.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

O qeyd edib ki, 30 illik işğal dövrünün tarixi Zəfərimizlə əvəzlənməsindən, hazırda bu torpaqlarda yeni həyatın başlanmasından sonra Qərbi Azərbaycana qayıdışın gündəmə gətirilməsi tarixi ədalətin bərpası istiqamətində növbəti addım kimi dəyərləndirilir. Prezident İlham Əliyev bildirmişdir: “Qarabağ dərdi, problemi olan yerdə Qərbi azərbaycanlıların hüquqlarından danışmaq bəlkə də vaxtından əvvəl atılan bir atəşə bənzəyə bilərdi. Amma bu gün tam haqlı olaraq bu mövzunu beynəlxalq arenaya çıxarmışıq. Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar. Bu, onların hüququdur. Bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır. Azərbaycan dövləti olaraq əlimizdən gələni etməliyik ki, bu hüququ təmin edək. Bunu sülh yolu ilə etmək istəyirik. Əminəm ki, buna nail olacağıq. Çünki bu gün ümumiyyətlə, Avrasiya məkanında monodövlətlər yoxdur və Ermənistan üçün də yaxşı olar ki, bu monodövlət damğasını öz üzərindən götürsün. Bunun ən yaxşı və ən ədalətli yolu Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıtmalarıdır”.

YAP Xətai rayon təşkilatının sədri ermənilərin tarixin ayrı-ayrı dövrlərində azərbaycanlılara və türklərə qarşı deportasiya, soyqırımı siyasətini həyata keçirdiklərini əsaslı şəkildə diqqətə çatdırdı. Bütün dövrlər üçün aktuallığını qoruyan çağırışlarımızdan biri də budur ki, öz tariximizi, həqiqətlərimizi dünya miqyasında daha dolğun təqdim etməliyik. Bu təqdimatın əsasında tariximiz barədə dolğun məlumatın əldə olunması istəyimizlə yanaşı, tariximizin ermənilər tərəfindən təhrif edilməsi məsələsi də xüsusi yer tutur. “Erməni alimləri” xüsusilə Cənubi Qafqazın tarixi ilə bağlı yalanlar, uydurmalar əsasında kitablar nəşr etdirir, təqdimatlar keçirirlər. Qədim və zəngin tariximiz bizim böyük sərvətimizdir. Tarixi faktlar sübut edir ki, azərbaycanlılar bu torpaqda əsrlər boyu yaşamışlar. Bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıbdır. Təkcə XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən nəşr edilmiş xəritələrə baxmaq kifayətdir hər kəs görsün ki, indiki Ermənistan ərazisində yerləşən kəndlərin, şəhərlərin mütləq əksəriyyətinin adları Azərbaycan mənşəlidir. Bunlar reallıqdır. İrəvan xanlığının əhalisinin 70-80 faizi azərbaycanlılar olub. Qarabağ əzəli Azərbaycan torpağıdır. 44 günlük İkinci Qarabağ müharibəsində şanlı Qələbəmiz bunu sübut etdi. Ermənilər Qarabağa və bəzi başqa yerlərə XIX əsrdə İrandan, Şərqi Anadoludan köçürülmüşlər. Hansı məqsədlə köçürülmələri məlumdur. Bunlar tarixdir. Tarixi inkar etməklə nəyəsə nail olmaq qeyri-mümkündür. Ermənilər 30 illik işğal dövründə zəbt etdikləri ərazilərimizdən Azərbaycan xalqının izlərini silmək üçün bütün şəhərləri, kəndləri tamamilə dağıtdılar. Tarixi və dini abidələrimiz yerlə - yeksan edildi. Eyni vəziyyəti Qərbi Azərbaycanda da yaradıblar. Bu yolla tarixi silmək qeyri-mümkündür. Əvvəldə də qeyd etdiyim kimi, tarix faktları özündə ehtiva edir. Onun dəyişmək, saxtalaşdırmaq mümkünsüzdür.

Vüqar Rəhimzadə vurğulayıb ki, dövlətimizin başçısının ötən il doğum günündə Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü özündə mühüm çağırışları əks etdirdi. Bir daha təsdiqləndi ki, yolumuz Qərbi Azərbaycanadır. Prezident İlham Əliyev nəyi, necə və nə vaxt etmək lazım olduğunu bildiyini bu hədəfin gerçəkləşməsində də sübut edəcək. Təbii ki, öncə mühüm addımların atılmasına böyük ehtiyac var idi. Bu baxımdan Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq təkmil Qərbi Azərbaycana Qayıdış Konsepsiyası təsdiqləndi. Hazırda bu sənədə uyğun olaraq bütün işlər mərhələli şəkildə həyata keçirilir.

YAP Xətai rayon təşkilatının sədri onu da əlavə edib ki, dövlətimizin başçısı İlham Əliyevin bəyan etdiyi kimi, necə vaxtilə Qarabağ mövzusu bütün Azərbaycan xalqını birləşdirdi və istəyimizə nail olduq, eyni yanaşmanı Qərbi Azərbaycana qayıdış məsələsində də göstərməliyik. İkinci Qarabağ müharibəsinin rəmzinə çevrilən “dəmir yumruq” bu gün işğaldan azad edilmiş torpaqlarımızda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində, həmçinin Qərbi Azərbaycana qayıdış proqramında əksini tapan vəzifələrin uğurlu icrasında özünü nümayiş etdirir. Qərbi Azərbaycana qayıdış haqq-ədalət uğrunda aparılan mübarizənin yeni səhifəsidir. Prezident İlham Əliyevin ötən 20 ildə hər bir vədini reallığa çevirməsi, qətiyyətli və prinsipial mövqeyi Qərbi Azərbaycana qayıdışımızın heç də uzaqda olmadığını təsdiqləyir. (AZERTAC)

Oxşar xəbərlər