23.11.2024, 04:07
AZ EN
24.10.2023, 12:54 282

Paşinyan Şahramanyanın "fərmanını" geri oxutdurur...

XƏBƏRLƏR

Ermənistan hakimiyyəti özünü buraxan qondarma "artsax"ın İrəvanda fəaliyyətini davam etdirməsinə qarışmır. Erməni ictimaiyyəti separatçı-terrorçu rejimin sonuncu “prezidenti” Samvel Şahramanyanın üzdəniraq "respublika"nın  özünü buraxması və  ləğvi haqqında "fərman" imzalamasına görə onu ittiham etsə də, Paşinyanın bu "qərar"la heç bir əlaqəsi yoxdur. Amma bu, heç də Paşinyanın baş verənlərdən xəbərsiz olması demək deyil.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Hraparak” qəzeti yazıb. Nəşrin yaydığı məlumata görə, Azərbaycan ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı separatçıların yeni "seçilmiş" liderinin təslim olması və qondarma "respublika"nın özünü buraxması barədə Ermənistanın baş nazirinin guya, xəbəri olmayıb. Lakin Ermənistanda hakimiyyət nümayəndələrinin  bununla bağlı ictimaiyyətə verdiyi açıqlamalar doğru deyil və əsil həqiqətlər gizlədilir:
 
“Rəsmi mənbələr Nikol Paşinyanın açıq şəkildə elan edilən bu qərardan şəxsən xəbərdar olması haqda başqa təfərrüatları bildirir. Baş nazir həmin fərmanın mətni ilə tanış olub və şəxsən Şahramanyanı Azərbaycanın bütün tələblərinə razılıq verərək hərbi eskalasiyanı dayandırmaq üçün hər şeyi etməyə çağırıb”,- deyə erməni mətbuatı yazır.

“Hraparak” qəzeti onu da əlavə edir ki, Azərbaycan tərəfi separatçı-terrorçu rejimin  buraxılması, yəni qondarma “dövlət” qurumlarının, qanunsuz hərbi birləşmələrin ləğvi və silahların təhvil verilməsi barədə tələblərini Xankəndindəki xunta rejiminin “rəhbərliyə” çatdırandan sonra Şahramanyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru ilə əlaqə saxlayıb: "Bundan sonra Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyanın vasitəçiliyi ilə  Samvel Şahramanyanla Nikol Paşinyan arasında telefon danışığı olub.  Baş nazir  ondan Azərbaycanın bütün tələblərini dərhal yerinə yetirməyə, müharibənin Ermənistan ərazisinə keçməsinə imkan verməməyə çağırıb".
 
Xatırladaq ki, antiterror tədbirlərindən sonra Qarabağı tərk edərək Ermənistana gedən separatçılar ətrafında son günlər yeni proseslər baş verir. Belə ki, Qarabağda separatçı rejimin nüfuzlu nümayəndələrindən sayılan Samvel Babayan Şahramanyanın qondarma rejimin buraxılması haqda qərarını “qeyri-legitim” adlandırıb. O, hətta bu qərarın ləğvi barədə çağırışlar səsləndirib. Qondarma rejimin sonuncu "prezident"i Samvel Şahramanyan isə ötən cümə günü Qarabağda qondarma "hökumət"də çalışan keçmiş "məmur"ların maaşların dondurulmasına etiraz əlaməti olaraq özünü buraxmış "artsax"ın İrəvandakı nümayəndəliyi qarşısında toplaşarkən bu qərarından imtina etdiyini açıqlayıb.

Erməni mətbuatı separatizm kartından imtinanın geri qaytarılaraq yenidən dövriyyəyə buraxılmasını Babayan-Şahramanyan qarşıdurmasının təzahürü kimi xarakterizə edir. Hətta ötən cümə separatçıların irəvandakı nümayəndəliyi qarşısındakı aksiyanın məhz babayan tərəfindən təşkil edildiyinə dair məlumatlar dolaşır. Bildirilir ki, Paşinyan Babayan üzərindən qondarma “artsax” ideyasını nəzarətə götürməyi planlaşdırır. Babayanın Ermənistana getdikdən sonra televiziyaya çıxması və separatçıların bütün “rəhbərlərini” satqınlıqda ittiham etməsi də Paşinyanın tapşırığı olduğu deyilir.

Elxan SALAHOV

Oxşar xəbərlər