19.10.2024, 15:46
AZ EN
22.10.2023, 08:12 205

Azərbaycanın BMT-dəki nümayəndəliyi: Bakı beynəlxalq ictimaiyyətdən Ermənistanı öz beynəlxalq öhdəliklərinə ciddi əməl etməyə təşviq etməsini gözləyir

XƏBƏRLƏR
  • Beynəlxalq birlik Azərbaycana və xalqımıza qarşı təcavüzün, etnik təmizləmə və vəhşilik cinayətlərinin qarşısını ala bilmədi, öz qərarlarının icrasını təmin edə bilmədi. Münaqişənin həllinə kömək məqsədilə ATƏT çərçivəsində aparılan vasitəçilik səyləri heç bir nəticə vermədi. Hər şeyin öz adı ilə çağırmaq yerinə, beynəlxalq hüquqa münasibətdə ikili standartlar və seçicilik, həmçinin “münasib tarazlığı” saxlamaq cəhdləri təcavüzkarı yalnız cəsarətləndirdi.

Bunu Azərbaycan Respublikasının BMT Təhlükəsizlik Şurasında daimi nümayəndəsinin müavini Tofiq Musayev "Dialoq vasitəsilə sülh: regional, subregional və ikitərəfli sazişlərin mübahisələrin qarşısının alınmasına və sülh yolu ilə həllinə töhfəsi" mövzusunda açıq debatdakı bəyanatında bildirib.

Tofiq Musayev qeyd edib ki, bəzi qeyri-regional dövlətlərin Cənubi Qafqaza öz keçmiş və indiki müstəmləkə təcrübəsini tətbiq etmək və regionda ksenofob siyasəti genişləndirmək cəhdləri, o cümlədən Ermənistanı silahlandırması və onun nifrət təbliğatını dəstəkləməsi sülhə xidmət etmir.

“BMT Nizamnaməsinin, beynəlxalq hüququn və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin açıq şəkildə pozuntusu kimi suveren Azərbaycan ərazilərinin qonşu Ermənistan tərəfindən təxminən otuz il müddətində işğal edilməsini göstərmək olar. Bu da beynəlxalq hüququn yanlış təfsirinə qarşı mübarizə, dövlətlərin suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün regional və beynəlxalq səviyyədə daha çox iş görməyin lazım olduğunu göstərir”,-deyə Azərbaycanın BMT Təhlükəsizlik Şurasında daimi nümayəndəsinin müavini bildirib.

Eyni zamanda, Tofiq Musayev Azərbaycanın 44 günlük müharibədə özünümüdafiə hüququndan istifadə edərək yüzlərlə yaşayış məntəqələrini işğaldan azad etdiyini, bu savaşda erməni tərəfinin bütün iddialarına rəğmən mülki sakinlərə atəş açmadığını vurğulayıb. O, iclas iştirakçılarına xatırladıb ki, Azərbaycan ordusu Ermənistan silahlı qüvvələri, həmçinin ona tabe olan terrorçu və muzdlu qruplaşmalarla vuruşub.

Bundan başqa, daimi nümayəndənin müavini sentyabrın 19-20-də Qarabağda keçirilən lokal hərbi tədbirlərə toxunaraq onların səbəblərini də dinləyicilərin diqqətinə çatdırıb. “Bu tədbirlər BMT Nizamnaməsi və beynəlxalq hüquq çərçivəsində dövlətlərə verilmiş hüquq və vəzifələrə tam uyğun olaraq və beynəlxalq humanitar hüquqa ciddi riayət olunmaqla həyata keçirilib. Onlar 24 saatdan az davam etdi və keçmiş işğal rejiminin və onun strukturlarının ləğvi və Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində təslim olması və tərk-silah edilməsi ilə yekunlaşdı”.

Diplomat bildirib ki, Bakı beynəlxalq ictimaiyyətdən Ermənistanı öz beynəlxalq öhdəliklərinə ciddi əməl etməyə təşviq etməsini gözləyir: “Bu kritik məqamda biz beynəlxalq ictimaiyyətdən Ermənistanı öz beynəlxalq öhdəliklərinə ciddi əməl etməyə, dezinformasiya və mezinformasiya son qoymağa və regionda sülh və sabitliyin qurulması səylərində sədaqətlə iştirak etməyə təşviq etməsini gözləyirik”. (AZƏRTAC)

Oxşar xəbərlər