YAP-dan verilən xəbərə görə, Cevdet Yılmaz iki dost və qardaş ölkə olan Azərbaycan ilə Türkiyə arasındakı münasibətlərin uğurla inkişaf etdiyini söyləyib.
Vitse-prezident qeyd edib ki, nümunəvi xarakter daşıyan Türkiyə-Azərbaycan işbirliyi regional və beynəlxalq əhəmiyyətə malikdir. 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbənin xalqlarımızın qürur mənbəyi olduğunu nəzərə çatdıran Cevdet Yılmaz Azərbaycanın suverenliyinin tam bərpa olunması münasibətilə təbriklərini çatdırıb. Vitse-prezident hər iki ölkənin beynəlxalq münasibətlər sistemində layiqli yer tutduğunu və öz mövqelərini möhkəmləndirdiyini, dövlət başçılarının iradələri əsasında ikitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini bildirib.
YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov iki ölkənin liderləri – Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın məqsədyönlü siyasətləri nəticəsində Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olduğunu, dövlətçilik maraqlarımızın məharətlə təmin edildiyini vurğulayıb. 44 günlük Vətən müharibəsində Azərbaycana böyük mənəvi-siyasi dəstək göstərən qardaş Türkiyənin yeni reallıqlar fonunda da ölkəmizin haqlı mövqeyini müdafiə etməsinin dostluq və qardaşlıq örnəyi olduğunu söyləyib.
İki qardaş ölkənin daim bir-birinin yanında olduğunu bildirən YAP Sədrinin müavini “Bu gün iftixarla qeyd edirik ki, sözümüz və əməlimiz birdir. Dəfələrlə sübuta yetirmişik ki, biz birlikdə güclüyük və bundan sonra da möhtəşəm uğurlara imza atmaq əzmindəyik”,- deyə qeyd edib.
Son 20 ildə reallaşdırılmış möhtəşəm layihələr və qazanılmış uğurlar nəticəsində Türkiyənin gücünün kifayət qədər artdığını bildirən YAP Mərkəzi Aparatının rəhbəri Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə qardaş ölkənin milli inkişafa hədəflənən bütün planlarının reallaşdırılacağına inamını ifadə edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb. (APA)