17.12.2024, 03:42
AZ EN
08.07.2023, 13:39 199

Ermənistanın regionda ekoloji sabitliyi pozması faktı beynəlxalq təşkilatların müzakirəsinə çıxarılacaq

XƏBƏRLƏR

Azərbaycanın sağlamlıq və ətraf mühitin müdafiəsi sahəsində çalışan bir qrup qeyri hökumət təşkilatı nümayəndəsi Ermənistanın dağ-mədən sənayesinin Cənubi Qafqaz regionunda ekoloji sabitliyi pozması barədə baş nazir Nikol Paşinyana açıq məktub ünvanlayıb. Azərbaycan vətəndaş cəmiyyəti təşkilatlarının bu müraciəti təkcə ölkəmizin ekoloji vəziyyətinə mənfi təsirlə bağlı deyil, eyni zamanda, Cənubi Qafqaz regionunda ekoloji sabitliyi pozulması ilə əlaqədardır. Ermənistanın dağ-mədən sənayesinin fəaliyyəti nəticəsində yaranmış ekoloji fəsadlar təkcə Azərbaycan QHT-lərini narahat etmir. Ermənistanın ekoloji terror fəaliyyəti haqqında iyunun 29-da dünyanın 20-dən çox ölkəsinin 30-dan artıq vətəndaş cəmiyyəti təşkilatı bəyanat yayıb. Artıq Ermənistan tərəfindən ətraf mühitə vurulan zərərə qarşı QHT-lərin beynəlxalq koalisiyası formalaşmaqdadır. Bu baxımdan Azərbaycan QHT-lərinin Ermənistanın ekoloji fəsadlara yol açan hərəkələrinin təkcə Arazdəyəndə metallurgiya zavodu ilə məhdudlaşmadığını göstərməsi çox vacib və əhəmiyyətlidir.

Bu sözləri açıqlamasında “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib.

Müraciətdə əsaslandırılmış formada Azərbaycana yaxın ərazilərdəki 12 müəssisənin müxtəlif fəaliyyətlərinin ətraf mühitə mənfi təsirinə diqqət çəkildiyini söyləyən QHT sədri deyib: “Hesab edirəm ki, Ermənistan baş naziri Nikol Paşinyan və yaxud rəhbərlik etdiyi hökumət Azərbaycan QHT-lərinin qaldırdığı məsələyə adekvat münasibət bildirməlidir. Azərbaycan vətəndaş cəmiyyəti təşkilatlarının bu müraciəti beynəlxalq hüquq və münasibətlər sisteminə əsaslanır. Belə ki, Ermənistan müxtəlif konvensiyaların, o cümlədən Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Su Axarlarının Qeyri-Naviqasiya İstifadəsi Hüququ Haqqında Konvensiyasının (Konvensiyanın məqsədi transsərhəd su axarlarından ədalətli və davamlı istifadəni təmin etməkdir), BMT-in Biznes və İnsan Hüquqları üzrə Rəhbər Prinsiplərinin (Rəhbər Prinsiplər mədən sənayesi də daxil olmaqla, biznesdə məsuliyyətli davranışın təşviqi üçün çərçivəni müəyyən edir), Transsərhəd Kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi üzrə BMT-nin Avropa İqtisadi Komissiyası Konvensiyasının - Espoo Konvensiyasının (Espoo Konvensiyası ekoloji məsələlərin milli sərhədləri aşdığını ifadə edir və ekoloji məsələlərin transsərhəd xarakteri daşıdığı halda, beynəlxalq danışıqların zəruriliyini vurğulayır) və Orhus Konvensiyasının (Konvensiya ətraf mühitlə bağlı məsələlərdə məlumat əldə etmək, ictimaiyyətin iştirakını və ədaləti təmin etməkdə mühüm rol oynayır) şərtlərini kobud sürətdə pozur. Həmin Konvensiyalara görə təsirə məruz qalmış qonşu dövlətlərlə yanaşı, həmin qonşu ölkədə fəaliyyət göstərən QHT-lərin müstəqil formada həmin ərazilərdə monitorinqlər aparmaq hüququ var. Bu baxımdan Azərbaycan QHT-ləri haqlı olaraq, beynəlxalq standart və prinsipləri nəzərə alaraq Ermənistanın bütün dağ-mədən sənayesi obyektlərinin qapılarını ekologiya və səhiyyə sahəsində ixtisaslaşmış ekspertlərə, Azərbaycanın bu sahədə ixtisaslaşmış vətəndaş cəmiyyətləri təşkilatları üçün açmaq və yerində müəssisələrə baxış keçirilməsinə, qiymətləndirmə və monitorinq aparılmasına, müvafiq nümunələr götürülməsinə, ölçmə işləri edilməsinə tam şərait yaratmaq tələb olunur”.

Cəsarət Hüseynzadənin sözlərinə görə, acınacaqlı fakt ondan ibarədir ki, Ermənistanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları və yerli icmalar üçün də mədən hasilatı ilə bağlı dialoq və qərarqəbuletmə proseslərində iştiraka şərait yaradılmayıb. Azərbaycan QHT-ləri növbəti mərhələdə Ermənistanın Cənubi Qafqaz regionunda ekoloji sabitliyi pozması faktını beynəlxalq təşkilatların və xüsusən BMT-nin müvafiq qurumlarının müzakirəsinə çıxaracaq. Ermənistan dövləti beynəlxalq konvensiyaların öhdəliklərindən boyun qaçırması məsələsinə görə cavab verməlidir. (AZƏRTAC)

Oxşar xəbərlər