İcmadan bildiriblər ki, bu müstəvidə İcma dialoq tərəfdaşı kimi UNESCO qarşısında bir neçə konkret məsələ qaldırıb.
İcma indiki Ermənistan ərazisində Azərbaycan mədəni irsinin vəziyyətinin qiymətləndirilməsi üçün Ermənistana faktaraşdırıcı missiyanın göndərilməsi məsələsini bir daha qaldırmış, Ermənistan hökumətinin İrəvan şəhərinin Təpəbaşı məhəlləsini dağıtması ilə əlaqədar olaraq bu məsələnin xüsusilə aktual və təcili xarakter aldığını bildirmişdir. Qeyd edək ki, Ermənistanda salamat qalmış azsaylı Azərbaycan irsi nümununələrindən olan bu məhəllənin dağıdılması ilə tariximizin, mədəniyyətimizin əhəmiyyətli bir hissəsi dönməz şəkildə yer üzündən silinmiş olacaq.
Bundan əlavə, davamlı inkişaf və sülhün mənbəyi kimi mədəni irsin qorunması yanaşmasını bölüşən təşkilatımız bu sahədə icmalara böyük rol tanıyan müvafiq beynəlxalq konvensiyalarda da nəzərdə tutulduğu kimi, qabiliyyət quruculuğu sahəsində UNESCO-nun praktik yardımlarını xahiş etmişdir. Beynəlxalq hüququn norma və prinsiplərinə tam hörmət edən İcma olaraq, biz potensialın artırılması sahəsində UNESCO-nun proqramlarından faydalanmaqla mədəni irsin qorunmasına daha artıq töhfə verəcəyimizə inanırıq.
Nəhayət, biz UNESCO rəhbərliyindən mədəni irsimiz ilə bağlı üzv dövlətləri məlumatlandırmağı və bu məsələni UNESCO-nun müvafiq hesabatlarına daxil etməyi xahiş etmişik. Biz hesab edirik ki, UNESCO strukturlarının Ermənistandakı Azərbaycan mədəni irsinin vəziyyəti ilə bağlı beynəlxalq məlumatlılığı artırması üzv dövlətləri sözügedən irsin qorunması istiqamətində və ən əsası Ermənistanı destruktiv addımlardan çəkindirmək üçün effektiv addımlar atmağa təşviq edər. (AZƏRTAC)