19.04.2024, 01:07
AZ EN
25.05.2023, 19:59 248

Vüqar Seyidov: "Müstəqil dövlətimiz Azərbaycan Xalq Cümhuriyyətinin layiqli davamçısıdır"

XƏBƏRLƏR
  • "Görülən işlər onu deməyə əsas verir ki, müstəqil dövlətimiz Azərbaycan Xalq Cümhuriyyətinin layiqli davamçısıdır".

Bu sözləri YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirib.

"Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın Dövlət Müstəqilliyi Günü elan etmişik və bu, bizim milli bayramımızdır.

Biz 105 illik müasir müstəqil dövlətçilik tariximizi 32 illik tarixlə əvəz edə bilməzdik. Bəli, bu, bir həqiqətdir ki, 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunmuşdur. Lakin bu müstəqillik günü sayıla bilməz. Bu müstəqilliyimizin yenidən bərpası günü sayılmalı idi. 2021-ci il 15 oktyabr tarixində “Müstəqillik Günü haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdu. Bu, cənab İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinə, onun şanlı tarixinə növbəti töhfəsi hesab oluna bilər", - o əlavə edib.

V.Seyidov vurğulayıb ki, Azərbaycan dövlətçiliyi tarixində Prezident İlham Əliyevin xidmətləri misilsizdir: "105 il əvvəl 23 ay ərzində əsası qoyulmuş və başa çatdırıla bilməmiş bütün işlər bu gün müasir Azərbaycan və onun güclü lideri tərəfindən həyata keçirilməkdədir. 105 il əvvəl yaradılmış Xalq Cümhuriyyəti dövlətin idarə olunmasında o zaman üçün demokratik dəyərlərin, təsisatların, cəmiyyətin bütün ünsürlərinin iştirakını təmin etmək məqsədi ilə böyük işlər görsə də, obyektiv səbəblərdən tam başa çatdırılmamışdı. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dayanmadan inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əsaslı tədbirlər görülür. Həyata keçirilən bütün islahatlar dövlətin əsaslarını gücləndirərək Xalq Cümhuriyyətinin arzularını gercəkləşdirir".

Təşkilat sədri qeyd edib ki, uzaqgörən siyasət nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycan Bayrağının bu gün artıq işğaldan azad olunmuş Şuşada dalğalanması Azərbaycan Prezidenti İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir:

"Müzəffər Ali Baş Komandan söz verdiyi kimi şanlı bayrağımızı bütün işğaldan azad olunan şəhər və kəndlərimizdə qaldıraraq dalğalandırır. Azərbaycan Xalq Cümhuriyyətinin müqəddəs əmanətləri etibarlı əllərdədir. Cənab Prezident tərəfindən Şərqi Zəngəzur İqtisadi Rayonunun yaradılması, Qərbi Azərbaycan İcmasının yenidən formalaşdırılması, insanların öz dədə-baba yurdlarına sülh yolu ilə getməsi üçün atılmış addımlardır. İrəvan, Göyçə, Zəngəzur və digər tarixi torpaqlarımız Azərbaycan Xalq Cümhuriyyətinin suveren əraziləri olmuşlar və Azərbaycan Respublikası hüquqi varis kimi bu tarixi torpaqlarımıza olan haqlı iddialarını da irəli sürməkdədir". ("Report")

Oxşar xəbərlər