"Vətən səsi" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında bildirib. O, Azərbaycan və Ermənistanın qarşılıqlı olaraq bir-birinə qarşı beynəlxalq məhkəmələrə verdikləri iddiadan geri çəkilməsinin mümkünlüyü barədə danışarkən deyib ki, sülh danışıqları zamanı tərəflər arasında belə bir məsələ müzakirə olunub: "Bu, sülh müqaviləsinin müddəaları razılaşdırıldıqda və hər iki tərəfin imzalamağa hazır olduğu ən sonda müzakirə oluna biləcək bir məsələdir. Əgər tərəflər sülh müqaviləsi imzalayırsa, niyə bir-birinə qarşı hüquqi müharibələri davam etdirirlər?"
Paşinyan onu da əlavə edib ki, beynəlxalq məhkəmələrdə şikayətlərin geri götürülməsi prosesi ikitərəfli olmalıdır. Onun sözlərindən belə çıxır ki, rəsmi İrəvan Azərbaycana qarşı beynəlxalq məhkəmələrə verdikləri iddiadan geri çəkiləcək. Əks halda tərəflərin sülh müqaviləsini imzalaması yenə də mübahisələrə və danışıqların uzanmasına gətirib çıxaracaq.
Amma əvvəlcə nəyi etməli: Azərbaycan qarşı beynəlxalq məhkəmələrə verilən iddiaları geri götürməli, yoxsa sülh müqaviləsini imzalamalı?
Ermənistanın Baş naziri Azərbaycanla münasibətlərə dair bir çox maraqlı məqamlara toxunduğu mətbuat konfransında bu məqama aydınlıq gətirməyib.
Elxan SALAHOV