Bunu politoloq Ramiz Alıyev bildirib.
Onun sözlərində görə, 44 günlük Vətən Müharibəsi başa çatandan sonra Azərbaycanın mina qurbanlarının sayı 290 nəfəri keçib. Onlardın 3 nəfəri jurnalistlərdir. Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində 30 il ərzində 1 milyondan çox mina basdırıb. Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır. 1990-cı illərin əvvəlindən 3300-dən çox vətəndaşımız mina qurbanı olub: “Bu gün Şuşanın Allahqulular kəndi ətrafındakı yüksəkliklərdə yerləşən mövqelərimizə təminat vasitələrini daşıyan Azərbaycan Ordusunun hərbi yük maşını ermənilərin basdırdığı minaya düşüb. Nəticədə avtomobilin sürücüsü və maşın başçısı yaralanıb, nəqliyyat vasitəsi sıradan çıxaraq yararsız vəziyyətə düşüb. Dərhal yaralılara yardım göstərmək üçün gələn hərbi qulluqçulardan biri də piyada əleyhinə minaya düşərək xəsarət alıb. Rusiya sülhməramlı kontingentinin yerləşdiyi ərazidə Ermənistanın mina basdırması üçtərəfli Bəyanatın müddəalarının kobud şəkildə pozulmasıdır. Erməni təxribatına sülhməramlıların göz yumması onların vəzifələrini icra etmədiyinin sübutudur. Artıq rəsmi Bakı Rusiya sülhməramlı kontingentinin Qarabağdakı fəaliyyət müddətinin vaxtından qabaq bitməsi məsələsini qaldırmalıdır. Həmçinin biz hətta rus sülhməramlılarının nəzarət etdiyi ərazilərdə minalarla çirkləndirilmiş ərazilərin təmizlənməsi işlərinə start verməliyik. Çünki Ermənistan hələ də dəqiq mina xəritələrini verməkdən imtina edir”.
Ramiz Alıyev qeyd edib ki, müharibədən sonra partlayan minaların böyük əksəriyyəti 2020-ci ildən sonra Ermənistanda istehsal olunub: “SSRİ dövründə əsas mina zavodlarından biri Ermənistanın paytaxtı İrəvanda inşa edilmişdi. O zavod hələ də mina istehsal edir. Həmin partlayıcı qurğular Azərbaycan torpaqlarında basdırılır. Ermənistanın Azərbaycana verdiyi mina xəritəsinə əsasən deyə bilərik ki, təkcə Ağdam və Füzulidə 97 min mina basdırılıb. Müharibə gedən ərazilərdə minaların basdırılmasını haradasa başa düşmək olar. Amma Kəlbəcər, Laçın və Şuşada səngər, təmas xətti olmayıb. Ermənilər bu əraziləri 2020-ci il müharibəsində geri çəkilərkən və sonradan ərazilərə sızaraq minalayıblar. Bu, hərbi cinayətdir. Biz bu məsələni beynəlxalq hüquq müstəvisinə çıxarmalıyıq”.
Ekspertə görə, minaları peşəkarlar, xüsusi xəritə ilə məqsədli şəkildə basdırırlar: “Mina basdırılmasını orduda qeyri-peşəkarlara, həvəskarlara tapşırmırlar. Çünki bu, ermənilərin özlərinin minaya düşməsinə səbəb ola bilərdi. Müharibədən sonra minalara yalnız azərbaycanlıların düşməsi təsadüfi deyil. Bu, Ermənistanın Azərbaycana qarşı mina terroru aparmasından xəbər verir. Bu gün Azərbaycan ərazilərimizin minalardan təmizlənməsi üçün milyonlarda dollar vəsait xərcləyir. Bir faktı xatırladım. 2021-ci ildə Kəlbəcərdə iki jurnalist ermənilərin basdırdığı minaya düşərək həlak oldular. Təəssüf olsun ki, Qərb dövlətləri, beynəlxalq təşkilatlar ermənilərin mina terroruna göz yumurlar. Amma oxşar hadisə başqa bir xristian ölkəsində olsaydı, məsələyə daha çevik və daha sərt reaksiya verərdilər. Bu da Azərbaycanı məcbur edir ki, öz gücünə Qarabağda təmizləmə əməliyyatını başa çatdırsın. Sözsüz ki, bu əməliyyat erməni separatçılarına və onların havadarlarına çox baha başa gələcək”. (APA)