1993-cü ilin iyununda Heydər Əliyev Naxçıvandan Bakıya gələndə Hava Limanında onu qarşılamağa toplaşanlar güclü təzyiq və təhqirlərlə üzləşirdilər. Təqiblərdən qorxanlar onu qarşılamağa cəsarət etmirdilər. Lakin burda toplaşanların sırasında bir xanım əlində iki portretlə gəlmişdi.O, təkidlə portretlərdən birini yanında dayanan şəxsə verir ki, sıraları zəngin görünsün. O dövrdə yeni yaranmış Yeni Azərbaycan Partiyasının ilk üzvlərindən olan Turəxanım Qasımova 30 ildən sonra ilk dəfə “Real” TV-yə həmin günlərdən danışır: “Orda bizə dedilər getmək lazımdır, səhər getdik. Axşam üstü gəldik, yəni yeddi saat qaldıq orda. Adamlar getmirdilər, qorxurdular, açıq deyim. Çünki başqa partiyalardan təqiblər var idi, təzyiqlər var idi. Amma getdik. İki portret götürmüşdüm, bir də gülüm var idi, göstərirlər o gülü həmişə. İki portreti əlimdə tuta bilmirdim. Götürmürdülər, axır ki, orda bir nəfər tapdım, dedim ki, sən bunu götür, heç olmasa çoxluq olsun. Heydər Əliyev gəldi. Çıxdı. Çox sevindi. Elə Hala Limanında bizə təşəkkür elədi, çox sevindi.
Sonra Ali Sovetin sədri seçiləndə bizə dedilər ki, partiyanın üzvləri gəlsin ora. Biz qalxırdıq, polis qarşımızı kəsib dedi ki getmək olmaz. Mən düşdüm qabağa, bir az cəsarətlisi mən idim, açığını deyim. Düşdüm qabağa dedim ki, biz gedirik şəhidlərimizi ziyarət etməyə niyə bizə belə deyirsiniz. Qalxdıq, şəhidlərimizi ziyarət elədik. Amma əslində gəlmişdik ki, Heydər Əliyevin komandasından idik də, görək vəziyyət necə olur orda. Doğrudan da, Heydər Əliyev Ali Sovetin sədri seçildi. Biz sevindik və evə gəldik.
Heydər Əliyevi Kondisioner zavoduna gələndə də görmüşdüm. Amma heç vaxt yaxında olmaq istəmirdim, həmişə arxa planda olurdum, yəni üzdə olmaq istəmirdim. Mənə lazım idi ki, bircə O hakimiyyətə gəlsin, vəssalam.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyası yaradılanda Turəxanım Kondisioner zavodunun redaksiyasında müxbir işləyirmiş. O, yeni yaranan partiyanın Nərimanov Rayon Təşkilatının qurulması üçün qapı-qapı gəzərək imza topladığı günlərdən danışır: “Adam var qapını açırdı, adam var açmırdı, üzr istəyirəm, təhqir də edirdilər ki, bizə lazım deyil. Yəni çox belə əziyyətlərlə imzaları topladıq. Çoz çək-çevir oldu, nəhayət ki, topladıq. Sonra başladıq zavodda fəaliyyətə. Hamı gəlmirdi. Çünki cəbhəçi vardı, müsavat, nə bilim, bir az yaxşı baxmırdılar.Təqib də edirdilər, təhqir də edirdilər, amma biz öz işimizi görürdük. Belə-belə Nərimanov Rayon Təşkilatı yaradıldı, tək biz yox, bizim zavod yox, o sahəyə aid olan, orada yaşayanlar, digər sənaye müəssisələrində çalışanlar toplandı, Yeni Azərbaycan Partiyası yaradıldı ”.
Həmin dövrdə söz və fikir azadlığı ciddi məhdudlaşdırılırdı. Yeni partiyanın gənc üzvləri təqiblərə və təhqirlərə, hətta hücumlara məruz qalırdılar. Turəxanım Qasımova iclaslar zamanı onlara gələn hücum xəbərdarlıqlarını da xatırlayır. Lakin onun sözlərinə görə partiyanın üzvləri məqsədləri uğrunda bütün təhdidlərə davam gətiriblər: “Elmi-Tədqiqat İnstitutu vardı, orda bizə yer vermişdilər, biz iclaslarda ora toplaşırdıq. Orda da bizi təqib edirdilər. Gəlib qapıda durur, söz atırdılar. Amma biz öz işimizi davm elətdirirdik. İclaslardan çıxanda hətta gəlib orda dayanırdılar, cəbhəçilər, başqa partiyadan olanlar, söz atırdılar, amma cavab vermirdik, heç vaxt cavab vermirdik. Hətta bir dəfə bir iclas zamanı Rafael Allahverdiyev gəldi dedi ki, ehtiyatlı olun, ad çəkməyəcəm, kimin partiyasının üzvləri hücum eləmək istəyirlər. kim istəyirsə, getsin. Amma hamı bir nəfər kimi oturdu, heç kim çölə çıxmadı. Yəni, belə hallar da olurdu. Bizim bir məqsədimiz var idi ki, rəhmətlik Heydər Əliyev hakimiyyətə gəlsin, başqa şey istəmirdik, ancaq bunu arzulayırdıq. O arzuya da nail olduq.
Heydər Əliyevin partiyası, mənə bir mayaq oldu. Yəni mən həmişə belə düşünmüşəm.Nə qədər çətinliklərlə, təqiblərlə, təhqirlərlə qarşılaşsam da ruhdan düşmürdüm. Çünki bilirdim ki, gələcəyimiz Heydər Əliyevdən asılıdır. Əgər o şey ki, insanı yaxşı şeylərə aparırsa, gözəl günlərə aparırsa, ruhdan düşməməlidir. İnsan ruhdan düşməməlidir, o yolu tutub getməlidir. Bu qapı üzümə bağlanırdı, o biri qapını döyürdüm. O açmırdı, o birisini döyürdüm. Deyirdim yox, ruhdan düşməyəcəm ta ki, mən bu məqsədə çatım, məqsəd deyəndə mən özüm üçün deyirəm ki, mən bu imzaları toplayım. Ona da nail oldum. Yəni hardasa mənim lap belə bir faiz də olsa, əməyim oldusa partiyanın yaradılmasına mən indi də sevinirəm, çox sevinirəm”.
Turəxanım Qazımovanın hədəfə çatan məqsədi Azərbaycan xalqı üçün otuz illik firəvan tarix yazmaqla yanaşı, xoşbəxt bir gün və sağlam gələcək vəd edir. Turəxanım otuz il əvvəlki fəaliyyətini indi qürurla xatırlayır. Çünki əldə edilən nailiyyətlər etibarlı əllərdədir.
Hazırladı: Tahirə AĞAMİRZƏ