"Vətən səsi" xəbər verir ki, Ermənistan mətbuatının yaydığı məlumata görə, Köçəryanın oğlu parlamentdəki çıxışı zamanı hazırkı Baş nazir Nikol Paşinyanın keçmiş prezidentləri debat çağırmasına münasibət bildirərkən sərt ifadələr işlədib. O, guya, Baş naziri aşağılayaraq keçmiş prezidentlərin onun çağırışına ciddi yanaşmadıqlarını söyləyib: "Siz düşünürsünüz ki, 2008-ci ildə vəzifəsindən uzaqlaşan atam baş nazirlə debata gələcək? Kəndlərdən xəbəriniz var? Orada deyirlər ki, necə olur, Qarabağı itirən vətənsiz xainlər azaddırlar və hakimiyyətdə qalmağa davam edirlər? Paşinyan Moskvaya getməmişdən bir gün əvvəl parlamentdə müxalifəti “axmaq” adlandırdı. Onu parad zamanı izlədiniz?".
Köçəryanın deputat oğlu parlamentin rəhbərinə də söz atıb, hətta onu hədələməkdən çəkinməyib: "Spiker Alen Simonyan bizim “Hayastan” partiyasının üzvü Kristine Vardanyana onu zaldan atacağını deyib. Simonyan bilsin ki, mən onu yüksəkdə oturduğu yerdən bayıra atacağam və bu, çox ağrılı olacaq”.
Parlamentin vitse-spikeri Akop Arşakyan isə Köçəryanın sözlərinə görə qəzəblənərək onu həddini aşmaqda qınayıb: “Levon Köçəryan həddini bil, ölçünü bil, bala. Əyləş və sənə dediklərimə qulaq as. Yoxsa zaldan sürünərək çıxarılacaqsan, sakitləş”.
Lakin Levon bundan sonra daha da özündən çıxıb və nəticədə iclas zalında mübahisə yaranıb.
Elxan SALAHOV