18.04.2025, 09:39
AZ EN
10.04.2025, 09:54 227

İranın Ermənistanla hərbi təlimləri kimə mesajdır...

XƏBƏRLƏR
  • İran ordusu Ermənistan silahlı qüvvələri ilə birgə hərbi təlimlərə başlayıb. Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, dünən iki ölkənin sərhədində başlayan təlimlər bu gün də davam etdiriləcək. Hərbi təlimlərdə Ermənistan silahlı qüvvələri və İranın xüsusi təyinatlı qüvvələri iştirak edir. Təlimlər şərti terrorçu qrupların Ermənistan-İran dövlət sərhədində yerləşən sərhəd nəzarət-keçid məntəqələrinə hücumlarının qarşısının alınmasını nəzərdə tutur.

"Vətən səsi" xəbər verir ki, SEPAH rəsmiləri İranın Ermənistanla birgə sərhəddə təlimlərə başlamasını  “sülh məqsədli” adlandırsa da, Ermənistanda belə düşünmürlər. Hətta bu təlimlərin Azərbaycana qarşı olduğu gizlədilmir. Erməni politoloq və təhlükəsizlik üzrə ekspert David Arutyunov Azərbaycan-Ermənistan sərhədindəki mövcud vəziyyəti nəzərdə tutaraq bildirib ki, təlimlər “müəyyən çəkindirici rol” oynayacaq: “Azərbaycan tərəfi son vaxtlar Ermənistanı atəşkəsi pozmaqda ittiham edir. Bu cür iddialar son vaxtlar davamlı xaraker alır, sərhəddə atəşkəsin pozulduğu barədə tez-tez eşidirik. Çoxları bunu rəsmi Bakının yeni hərbi əməliyyatlara başlamaq üçün informasiya zəmini yaratmaq cəhdi kimi qəbul edir”.

Erməni ekspert xatırladıb ki, təlimlər İran və ABŞ münasibətlərindəki gərginlik fonunda da nəzərə çarpır: “İran ABŞ və İsrailin ona qarşı hərbi əməliyyat keçirməsi ehtimalını nəzərə alaraq açıq şəkildə bəyan edir ki, belə vəziyyətdə Cənubi Qafqaz onun üçün prioritet olaraq qalır. Yəni, İran istənilən halda regionda hərbi-siyasi varlığını qoruyub saxlayır. Eyni zamanda nəzərə almaq lazımdır ki, İranın Ermənistanla təlimlər vasitəsilə qonşularına siyasi mesajı kifayət qədər təmkinli və məhduddur. Söhbət xüsusi təyinatlılar səviyyəsində təlimlərdən gedir ki, bu da özlüyündə kifayət qədər məhdud formatdır. İkincisi, Müdafiə Nazirliyinin hesabatına əsasən, hər bir tərəf bu təlimləri öz ərazisində keçirir. Üçüncüsü, İran təxminən eyni sxemlə keçən il Azərbaycanla təlimlər keçirib. Düzdür, orada xüsusi təyinatlılar yox idi, amma tapşırıqlar bir çox cəhətdən oxşardır. Ola bilsin ki, təlimlərin məqsədi ümumilikdə qonşularla koordinasiya və əməkdaşlıq nümayiş etdirməkdir”.

Arutyunov onu da əlavə edib ki, İranın Ermənistanla sərhəddə daha irimiqyaslı təlimlər keçirməsi hər iki tərəf üçün böyük risklər daşıyır. Onun fikrincə, rəsmi Tehran məhz bunu nəzərə alaraq silahlıq qüvvələrin çox az hissəsini, amma daha vacib bölmələrini təlimlərə cəlb edib: "Genişmiqyaslı təlimlər hər iki tərəfə problem yaradadı. Ermənistan Qərbin, xüsusən də ABŞ-ın müqaviməti ilə üzləşə bilərdi, İran üçün isə bu cür genişmiqyaslı manevrlər Türkiyə və Azərbaycanın cavab tədbirləri, regional eskalasiya spiralının daha da sərtləşməsi demək olardı”.

Elxan SALAHOV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR