22.11.2024, 10:24
AZ EN
18.11.2024, 11:04 169

Ermənilər Zəngəzurda İranla sərhədi bağlayıb

XƏBƏRLƏR
  • Erməni sürücülər Zəngəzurda İranla sərhəddə avtomobil yolunu bağlayıblar. Onlar dünəndən Ermənistan-İran "Aqarak" sərhəd keçid məntəqəsinin ətrafına toplaşaraq avtomobillərin hərəkətinə icazə vermirlər.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, "Aqarak" keçid məntəqəsindən keçən avtomobillərin hərəkəti erməni yük maşınları tərəfindən kəsilib. Buna səbəb İran hakimiyyətinin Ermənistana qayıdarkən almalı olduqları dizel yanacağının qiymətini kəskin artırması göstərilir. Qeyd olunur ki, dizelin bahalaşması erməni sürücülərin qəzəbinə və kəskin etirazına səbəb olub. Çünki mövcud qaydalara görə, Ermənistanın ağır yük maşınları İrana boş çənlərlə daxil olur və dolu geri dönməlidir. Bu isə boş çənlərlə Ermənistandan İrana daxil olan ağır tonnajlı yük maşınları üçün onsuz da  heç bir qazanc əldə etmədən yanacaq xərclərinin artması deməkdir.

Ermənistanla İran arasında yükdaşıma xidməti göstərən sürücülərin narazılığı həm də onunla bağlıdır ki, sərhəd nəzarəti vəsiqələri erməni dilinə tərcümə olunmadan yalnız fars dilində verilir. Ermənilər iddia edir ki, rəsmi İrəvan Tehranla danışıqlar aparmaqla illərdir davam edən bu problemi də təcili şəkildə həll etməlidir.

Erməni mətbuatı yazır ki, Zəngəzurda İranla sərhəddə nəzarət buraxılış məntəqəsi gecə boyu işləməyib və yolların bağlı olması səhər saatlarında da davam edib.

Ermənistanın Dövlət Gəlirləri Komitəsi yaranmış durumla bağlı şərh verməyib.

Elxan SALAHOV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR