10.06.2025, 01:42
AZ EN
13.03.2024, 14:59 468

Arayikin "deputat"larına Ermənistandan çıxmaq qadağan edilib

XƏBƏRLƏR
  • Ermənistan hökuməti Qarabağdakı keçmiş separatçı rejimin qondarma “deputat”larının ölkədən çıxışına qadağa qoyub.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistanın mətbuatı məlumat yayıb. “Joqovurd” qəzetinin yazdığına görə, “deputat”ların Ermənistan sərhədini keçməsinə icazə verilmir. Məlumatı qondarma rejimin tanınmış simalarından biri, "deputat" Qeqam Stepanyan da təsdiqləyib. O, özü artıq belə bir halla üzləşdiyini bildirib.

Qeyd olunur ki, Qeqam Stepanyan bir müddət öncə xaricə getmək istəsə də, “Zvartnots” hava limanından geri qaytarılıb. Ona bildirilib ki, Qarabağda fəaliyyət göstərmiş qondarma rejimin "hökumət üzvləri" ilə yanaşı "deputat"ların da Ermənistan sərhədini keçməsi qadağan edilib.

"Məlumata görə, bu qadağaların əsas səbəbi cinayət işi ilə bağlıdır. Çünki Ermənistan İstintaq Komitəsində aparılan araşdırmalar hələ başa çatmayıb, hərbçilər və hökumət nümayəndələri ilə yanaşı Qarabağda fəaliyyət göstərən “deputat”lar da ifadə vermək üçün növbəli şəkildə dəvət olunurlar. Ermənistan İstintaq Komitəsində təmsil olunan hüquq-mühafizə orqanlarının nümayəndələri onlardan Qarabağda baş verən son hadisələr, xüsusən də keçmiş separatçı rejimin başçısı Araik Arutyunyanın “istefa”sının səbəblərini soruşurlar. Bu qadağalar da onunla əlaqədardır”, - deyə “Joqovurd” nəşri yazır.

Xatırladaq ki, Ermənistan İstintaq Komitəsində aparılan araşdırmalar altı aydan çoxdur davam edir. İkinci Qarabağ müharibəsi və ötən ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı baş verən hadisələrlə bağlı indiyədək 20-dən artıq şəxs dindirilib. Eyni zamanda həmin işlə bağlı qondarma rejimin keçmiş başçısı, hazırda Bakıda məhbus həyatı yaşayan və istintaq altında olan Arayik Arutyunyana yaxın olan bir neçə nəfər də sorğu-suala tutulub. Həmin şəxslərə də intintaq dövründə ölkəni tərk etməyə icazə verilmir.

Elxan SALAHOV

Oxşar xəbərlər