Ermənistan televiziya və radio komissiyasinın ilk iclası olub və bu "Hraparak" televiziyasında birbaşa yayımlanıb. Tərkibində həm də müxaliflər olan sözügedən komissiyada ötən il görülən işlər barədə çıxış edən iqtidar jurnalistin fikirləri müxaliflər tərəfindən öncə replika, sonra isə kəskin tənqidlə qarşılanıb. Bütün ermənilərin katalikosunun bu il Yeni illə bağlı əhaliyə müraciətinin dövlət və İctimai telekanallarda, radiolarda yayımlanmasına qadağa qoyulmasını tənqid edən müxaliflər Qarabağdakı məğlubiyyətin də kökündə ayrı seçkiliyin olduğunu bildiriblər. Komissiyada təmsil olunan "Hraparak"ın nümayəndəsi Armine Ohanyan ölkədə söz azadlığının getdikcə məhdudlaşdırıldığını, yaxın zamanlarda isə tam ləğv ediləcəyi qənaətində olduğunu vurğulayıb. Onun fikirlərindən sonra komissiya üzvləri arasında hətta söyüş də səslənən kəskin mübahisə olub və müxaliflər iclası tərk ediblər.
Bu isə, əlbəttə, Ermənistanda böhranın dərinləşməsinin nəticəsində yaranan uçurumdur.
N.Qaramanlı