20.09.2024, 12:38
AZ EN
16.01.2024, 17:34 232

Gürcüstanda 9 Aprel və 20 Yanvar qurbanlarının xatirəsi anılıb

XƏBƏRLƏR
  • Yanvarın 16-da Gürcüstanın Marneuli şəhərində qanlı 9 Aprel hadisələrinin 35, 20 Yanvar faciəsinin isə 34-cü ildönümünə həsr olunmuş “Milli Dirəniş və Azadlığa gedən yol” adlı sərgi və “Unutsaq-unudularıq” mövzusunda anım tədbiri keçirilib.

Marneulidəki “Azərbaycan Evi”nin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın və Türkiyənin Gürcüstandakı səfirliyinin məsul əməkdaşları, Marneuli bələdiyyəsinin rəhbərliyi və deputatlar, Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK), TİKA-nın, Türkiyənin Maarif Okullarının Tbilisi nümayəndəliyinin, “Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi"nin, “Alyans” Gənclər Mərkəzinin rəhbərliyi və üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

“Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov tədbiri açdıqdan sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. O, Azərbaycan və Gürcüstanın müstəqillik uğrunda mübarizə tarixindən söz açıb, keçmiş sovet imperiya qüvvələrinin 1989-cu il aprelin 9-da Tbilisidə, 1990-cı il yanvarın 20-də Azərbaycanda törətdiyi qırğınların əsas səbəblərindən danışıb.

Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Eldar Bayramov çıxışında bildirib ki, sovet imperiyasının bu qırğınları törətməkdə məqsədi hər iki xalqın azadlıq və müstəqillik uğrunda mübarizə əzmini qırmaq olub. Lakin onlar öz istəklərinə nail ola bilməyiblər. Azərbaycan və gürcü xalqları öz qanları bahasına yenidən müstəqilliyinə qovuşublar.

O, Azərbaycanın yenidən müstəqilliyinə qovuşmasında, dövlət müstəqilliyimizin bərpasında Ümummilli Lider Heydər Əliyevin rolunu xüsusi qeyd edib. Bildirib ki, Ulu Öndər 1990-cı ilin yanvar qırğınından dərhal sonra Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək faciəyə ilk siyasi qiymətini verib. Diplomat Azərbaycanın suverenliyi və müstəqilliyi uğrunda mübarizədə bu ölkədə yaşayan soydaşlarımızın rolunu qeyd edib, 20 Yanvar faciəsi zamanı Gürcüstanəsilli 6 şəhidin olduğunu qeyd edib.

Sonra Marneuli Bələdiyyəsi sədrinin müavini Rövşən İskəndərov, Türkiyə Maarif Okullarının Tbilisi nümayəndəliyinin rəhbəri Ali Sedat Aslan, ictimai-siyasi xadim, parlamentin sabiq deputatı Mahir Dərziyev, əməkdar jurnalist Nizami Məmmədzadə, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusifov, Azərbaycan dili müəllimi Fatma Əliyeva və başqaları çıxış edərək 9 Aprel və 20 Yanvar faciələrini şərh edib, fikirlərini bölüşüblər.

Sonda ehsan süfrəsi açılıb.  (Report)

Oxşar xəbərlər