Simonyan bununla bağlı “Telegram” hesabında paylaşım edib.
“Belə çıxır ki, hətta bizim beynəlxalq platformalarda tərəfdaşlarla ünsiyyətimiz Rusiya tərəfindən nümayişkaranə "anti-Rusiya" jesti kimi qiymətləndirilir. Ermənistan heç kimlə ünsiyyət qurmamalı, başqa platformada iştirak etməməli, Ermənistan hətta heç kimə salam belə verməməlidir.
Bəlkə də “həqiqi ittifaq” haqqında fikirlər belədir. Ermənistan daim “müttəfiqdən” ontoloji asılılıqda olmalıdır; Ermənistan həmişə qorxmalı, narahat olmalıdır ki, “müttəfiq” olmasa, o, məhv olacaq. Bu qorxu, bu qılınc həmişə erməninin başının üzərindən asılmalıdır ki, “müttəfiq” olsun!”, - Simonyan qeyd edib.
Qeyd edək ki, Mariya Zaxarova Ermənistanın Ukrayna ilə bağlı konfransda iştirakını şərh edib.
Zaxarova ötən gün keçirdiyi həftəlik brifinqdə bildirib ki, Moskva Ermənistanın Maltada Ukrayna üzrə konfransda iştirakını İrəvanın nümayişkaranə anti-Rusiya jesti kimi qiymətləndirir.
Adıçəkilən konfransda Ermənistanı Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan təmsil edib. O, Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andriy Yermakla görüşüb.
Xatırladaq ki, bir müddət əvvəl Zaxarova Simonyanın Laçın yolu və Rusiya sülhməramlıları ilə bağlı vəziyyəti tənqid etməsini şərh edərkən Ermənistan rəsmilərinin bəyanatlarını “kobudluq” adlandırıb. Buna cavab olaraq isə Simonyan Zaxarovanı “hansıda idarənin hansısa katibəsi” adlandıraraq ona cavab verməyəcəyini bildirib. (APA)