21.11.2024, 22:54
AZ EN
28.07.2023, 17:05 306

Rusiya sülhməramlıları Qarabağdan Ermənistana köçə bilər

XƏBƏRLƏR
  • “Ermənistanın baş naziri Qarabağın Azərbaycan ərazisi olduğunu tanımaqla bölgənin kimə məxsus olması ilə bağlı prinsipial problemi həll etdi”.

“Vətən səsi” xəbər verir ki, bunu İsrail xüsusi xidmət orqanının keçmiş rəhbəri Yakov Kedmi Ermənistanda fəaliyyət göstərən “News.am” saytına müsahibəsində deyib. Onun sözlərinə görə, Paşinyan münaqişəyə səbəb olan prosesə son qoyub: “Bu prosesə fərqli yanaşmaq olar. Paşinyan “Qarabağ Azərbaycandır” deyəndən sonra Qarabağın nə vaxtsa Ermənistanın bir hissəsi olacağına dair ümidini dəfn edib”.

Təcrübəli kəşfiyyatçı xatırladıb ki, Rusiya sülhməramlıları Ermənistan və Azərbaycan tərəfinin razılığı əsasında müvəqqəti olaraq Qarabağa yerləşdirilib: “Bu razılaşma mövcud olduğu müddətdə Rusiya sülhməramlıları orada olacaq. Əgər Azərbaycan tərəfi razılaşmasa, o zaman Rusiya sülhməramlıları erməni tərəfi xahiş edərsə, Ermənistan tərəfinə keçib orada qala bilər. Sabah Paşinyan desə ki, Rusiya sülhməramlılarına ehtiyac yoxdur, o zaman Rusiya bölgədə qalmayacaq”.

Yakov Kedmi vurğulayıb ki, 2020-ci ilin sentyabrında başlanan və Azərbaycanın parlaq qələbəsi ilə başa çatan 44 günlük müharibədən sonra yaranmış şəraitə nəzərən Rusiya üçün Qarabağda vəziyyətin sabitləşməsi çox vacibdir. Onun sözlərinə görə, Rusiyanın Cənubi Qafqazda varlığının mövcud olması üçün Qarabağın iki mühüm mənası var: “Birincisi, Rusiya üçün orada vəziyyətin sabitləşməsi vacibdir. Moskva orada hərbi münaqişə üçün heç bir səbəb olmasını istəmir. Rusiya Qafqazda vəziyyətin gərginləşməsinin əleyhinədir. İkincisi, Moskva üçün vacibdir ki, müəyyən dəyişikliklər zamanı Qafqaz Rusiyaya qarşı bazaya çevrilməsin”.

Kedmi hesab edir ki, Azərbaycan Türkiyədən asılı olmayaraq Rusiya ilə münasibətlərini qurub. Onun sözlərinə görə, rəsmi Bakının öz maraqları var ki, bu da İranla, Xəzər dənizi ilə və logistika və iqtisadiyyat baxımından digər problemlərlə bağlıdır: “Digər tərəfdən, Türkiyənin Azərbaycana kifayət qədər ciddi təsiri var. Ona görə də Türkiyənin mövqeyi Azərbaycanın da mövqeyinə təsir edir. Eyni zamanda, regionda vəziyyətin mümkün qədər sakit olması Rusiyanın maraqlarına uyğundur”.

Elxan SALAHOV

Oxşar xəbərlər