Bunu "Moderator.az"-a açıqlamasında dünya çempionu Ellər Orucov deyib. O, daha sonra əlavə edib ki, Kəlbəcərdən çıxanda 6 yaşım var idi. Əslən Ağdaban kəndindənəm. Ağdaban faciəsini görmüş bir uşaqlığım olub: "Güllələr necə yağış kimi yağırdısa hələ də yaddaşımdan silinməyib. Birinci Qarabağ müharibəsində ailəmiz iki şəhid verib. Babamla dayım doğma torpağın müdafiəsinə qalxarkən şəhid olublar. Babam çox güclü döyüşçü olub. Hətta ermənilər onun başına pul da qoymuşdular. Kənddən çıxarkən Aşıq Şəmşirin abidəsinin yanında onu snayperlə vurmuşdular. O, sonadək döyüşdü ki, Ağdaban sakinləri kənddən təhlükəsiz şəraitdə çıxıb getsinlər".
Ellər Orucov bu günlərdə yenidən dünya çempionu olduğunu da vurğulayıb:
“Oktyabr ayının 25-dən 30-na qədər İtaliyanın Karrara şəhərində Kunq-Fu idman növü üzrə keçirilən yarışlarda 5-ci dəfə dünya çempionu oldum. Bu yarışda ilk dəfə idi ki, həm məşqçi, həm də idmançı kimi çıxış edirdim. Özüm 70 kq çəki dərəcəsində birinci yerə layiq görüldüm. Tələbəm Fərid Qasımov 60 kq çəki dərəcəsində gümüş medal, digər tələbəm Turqut Ağakişiyev isə yeniyetmələr arasında 70+ çəkidə qızıl medal qazandı. Ümumilikdə federasiyamız yüksək nəticə göstərib, 70-ə yaxın ölkə içərisində qalibiyyət qazandı. Bu qələbələri biz qalib xalqın vətəndaşları kimi qeyd etdik. Qələbələrimiz mənim doğum günümə və Kəlbəcərin işğaldan azad olunduğu tarixə təsadüf etmişdi”, - deyə dünya çempionu bildirib.
Hazırladı: Tahirə AĞAMİRZƏ