06.07.2025, 14:23
AZ EN
10.11.2022, 17:40 754

Rus sülhməramlıları Azərbaycana lazım deyil

XƏBƏRLƏR
  • Sülhməramlıların Ermənistan qoşunlarını ərazilərimizdən çıxarmamasına münasibət bildirən hərbi ekspert Ədalət Verdiyev fikirlərini belə izah edib:

-Rusiya sülhməramlı kontingentinin komandanlığının da son zamanlar neytrallığını tamamilə unudaraq separatçı rejimə aşkar dəstək verməsi, Xankəndində bizə qarşı mitinq keçirilməsinə şərait yaratması, Laçın dəhlizi ilə Qarabağa silah daşınmasında iştirak etməsi və s. Azərbaycan üçün tamamilə qəbul edilməzdir. Odur ki, rus sülhməramlı kontingentinin Azərbaycandan müddətin sonunda və ya bu müddətdən daha əvvəl çıxarılması məsələsi yenidən aktuallaşıb. İctimaiyyətdə isə bu barədə yaranan bəzi şübhələrə qısaca aydınlıq gətirilməsinə də  ehtiyac yaranıb.

Bu ilin iyun ayına kimi erməni silahlılarının Azərbaycan ərazilərindən çıxarılacağına söz verən Rusiya Müdafiə Nazirliyi, sanki general Volkova Qarabağda vəziyyəti gərginləşdirəcək addımlar atmağı tapşırıb. Daha əvvəl sülhməramlıların iştirakı ilə Şuşakənddə erməni silahlılarının mühəndis texnikası ilə müdafiə qurğuları və səngərlər inşa etməsini, həm sülhməramlı kontingentin hərbi qulluqçularının Laçın dəhlizində talançılqla məşğul olmasını, həm dəfələrlə  erməni silahlılarının Qarabağda atəşkəsi pozmasını, həm də sülhməramlı kontigentin Ağdam-Əsgəran yolu və Laçın dəhlizi ilə Qarabağa silah daşımasını unutmadıq. Təəssüf ki, silah daşınması bu günə qədər davam edir. Rusiya Müdafiə Nazirliyi hələ də 10 noyabr 2020-ci il tarixli razılaşmalara uyğun olaraq Ermənistan qoşunlarının Qarabağdan çıxarılmasını təmin etmək vədini niyə yerinə yetirmədiyinə aydınlıq gətirməyib. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoriyan “Qarabağda Ermənistandan çağırışçı olmayacaq” cümləsi də “Qarabağda Ermənistan ordusunun şəxsi heyəti, texnikası və silahı yoxdur” mənasını daşımır. Bu açıqlama təbii ki, Ermənistanın növbəti “Dəmir yumruq” zərbəsindən yayınmaq üçün səsləndirilib.

Hərbi ekspert daha sonra əlavə edib ki, görünən odur ki, rus sülhməramlıları Ermənistan qoşunlarını, erməni silahlılarını, onların silah və texnikalarını Azərbaycan ərazisindən çıxarmaq niyyətində deyil. O zaman sual yaranır: Belə bir ampulada rus sülhməramlıları Azərbaycana lazımdırmı? Bəlkə, yuxarıda adı çəkilən ziyanlı və silahlı ünsürlərin  Azərbaycan ərazisindən çıxarmasını və ərazilərimizin təmizlənməsini Fərruxda, Qırxqızda, Sarıbabada, Laçında, Zabuxda, Susda və Buzduxda olduğu kimi, özümüz həyata keçirək?

Baş verən proseslər göstəririr ki, hazırda erməni silahlılarının Qarabağda mövcudluğunun zəmanətçisi rus sülhməramlılarıdır. Belə bir sülhməramlı missiya isə Azərbycana artıq lazım deyil. Deməli, rus kontingentinin ərazilərimizdən çıxarılması məsələsi mütləq müzakirə olunmalıdır.

Azərbaycan zəif olduğu 1990 və 1992-ci ildə, sonra isə 2012-ci ildə daha ciddi silahlanmaya malik Rusiya ordusunu ərazisindən çıxara bildisə, 2020-ci ildə Rusiya faktorunu sıfırlayıb Vətən Müharibəsində Qələbə qazanaraq Ermənistanı islanmış dilənçi toyuğa döndərə bildisə, deməli, rəsmi Bakı 2025-ci ilin sonuna qədər də daha zəif və mandatsız rus sülhməramlılarını  Qarabağdan daha rahat şəkildə evlərinə yola  sala biləcək. İlk addım isə Azərbbaycanın Laçın dəhlizinə nəzarəti ruslardan  geri almaq olacaq, çünki bu dəhliz sülhməramlılar tərəfindən  təyinatı üzrə deyil, Qarabağdakı erməni silahlılarının silahlanması və revanşa hazırlanması üçün istifadə edilir.

Separatçı rejimin və işğalçı ölkənin silahlanmasının, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin təhlükəsizliyinə qarşı yaranan təhdidlərin aradan qaldırılması, zərurət yaranarsa təhlükəsizlik zonasının daha geniş ərazidə yaradılması üçün perventiv tədbirlərin də həyata keçirilməsi istisna deyil.

Bütün bu fəaliyyətlər, o cümlədən rus sülhməramlılarıının evlərinə yola salınması Qələbənin bizə verdiyi hərbi, siyasi, diplomatik və mənəvi üstünlüklər nəticəsində tamamilə mümkündür və  buna mənim şəxsən heç bir şübhəm olmayıb, yoxdur və olmayacaq.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər