21.11.2024, 16:17
AZ EN
08.11.2024, 10:17 83

Zabit: Şuşa işğaldan azad ediləndə müharibənin taleyi həll olunmuşdu

XƏBƏRLƏR
  • Şuşa şəhəri işğaldan azad olunanda 44 günlük Vətən müharibəsinin taleyi həll olunmuşdu.

Bu barədə Şuşa şəhərinin işğaldan azad olunmasının dördüncü ildönümü ilə əlaqədar Müdafiə Nazirliyinin təşkil etdiyi mediaturda bildirilib.

Səfərdə media nümayəndələri, hərbi ekspertlər və Vətən müharibəsində döyüşmüş hərbi qulluqçular iştirak ediblər.

Tədbir zamanı Şuşa şəhərinin strateji yüksəklikləri və Azərbaycan Ordusunun şəhərə giriş istiqamətləri barədə məlumat verilib. Bildirilib ki, Ali Baş Komandanın qətiyyəti, Azərbaycan xalqının həmrəyliyi və döyüşlərdə iştirak edənlərin vətənpərvərliyi, qələbə əzmi sayəsində Şuşa işğaldan azad edilib.

Qeyd olunub ki, Vətən müharibəsinin 38-ci günü, yəni noyabrın 3-dən etibarən Azərbaycan Ordusu Şuşanın azad olunması uğrunda döyüşlərə başlayıb.

Vətən müharibəsində döyüşmüş zabit deyib ki, müharibə zamanı düşmən qüvvələrinə həm artilleriya, həm də digər vasitələrlə təsirli zərbələr endirilib:

“Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşmən qüvvələrini işğal olunmuş ərazilərdən çıxarmağa müvəffəq olduq. Müharibənin ilk günlərində Füzuli-Cəbrayıl istiqamətində artilleriya qüvvələri ilə düşmənin ön xəttini yardıq. Daha sonra onların dərinliyinə doğru hərəkət etdik və təminat yollarına nəzarəti ələ keçirdik. Artilleriya qüvvələri onlara xeyli itki verdi və ümumqoşun bölmələrimizin hərəkəti üçün zəmin yaratdı. Bu əməliyyatlar nəticəsində Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonları işğaldan azad olundu”.

Onun sözlərinə görə, sözügedən ərazilərin işğaldan azad olunması Şuşa şəhərinin azad olunması istiqamətində ordunun daha rahat irəliləməsinə imkan yaradıb. Müharibədə düşmənin müqaviməti ilə də qarşılaşdıqlarını deyən hərbi qulluqçu bildirib ki, orduda olan ruh yüksəkliyi, bölmələrin Şuşanın azad olunması üçün göstərdiyi qətiyyət nəticəsində düşmən müqaviməti asanlıqla yarılıb.

“Şuşa azad olunanda müharibənin taleyi həll olunmuşdu. Düşmən təşviş içində idi. Ordumuz bütün Azərbaycan xalqının arzuladığı, Qarabağın tacı, mədəniyyətimizin beşiyi olan şəhəri işğaldan azad etmişdi. Bu əməliyyatdan sonra düşmən təslim olmağa başladı, çünki onların 20 minə yaxın əsgəri mühasirədə idi. Başqa çıxış yolları yox idi. Ali Baş Komandan İlham Əliyev məni “Vətən Uğrunda”, “Laçın rayonun işğaldan azad olunması uğrunda” medalları ilə təltif edib”, - deyə Azərbaycan Ordusunun zabiti bildirib.

Ordunun daha bir zabiti özünün və digər hərbçi yoldaşlarının döyüş yolundan danışıb. O deyib ki, Füzulidən başlayaraq Şuşanın azad olunmasına qədər döyüşlərdə iştirak edib.

“Təbii ki, çətinliklər var idi. Amma azad etdiyimiz hər qarış torpaq bizə stimul verirdi. Sevinirdik ki, bizim nəsil bu torpaqları düşmən tapdağından azad edir. Əsas məqsədlərimizdən biri də Şuşanın işğaldan azad edilməsi idi. Topxana meşəsi ilə oraya doğru hərəkət edirdik. Şuşaya gedən yol meşəlikdən, qayalıqdan keçirdi. Nə çətin relyef, nə də düşmənin müqaviməti bizim irəliləmək əzmimizə təsir göstərə bildi. Mühəndis olaraq fəaliyyətimiz keçidlərin açılması və bölmələrimizin hərəkətini asanlaşdırmaq idi. Bu əməliyyatda Daşaltının azad olunması da bizim fəaliyyətimizin əsas istiqamətlərindən idi. Düşmən burada müqavimət göstərirdi, çünki yüksəklik onların nəzarətində idi, amma buna baxmayaraq, qısa müddətdə həmin yüksəklikləri də işğaldan azad etdik. Ali Baş Komandan məni bir çox medallarla təltif edib”, - deyə hərbçi bildirib.

Qeyd edək ki, 2020-ci ilin noyabrın 8-də Azərbaycan Ordusu Şuşa şəhərini Ermənistan silahlı qüvvələrinin işğalından azad edib. Bu qələbəni Azərbaycan xalqına Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev çatdırıb. (Report)

Oxşar xəbərlər