22.11.2024, 09:54
AZ EN
26.06.2023, 10:08 216

Qalib ordunun bayram sevinci: "Sözümüzü döyüş meydanında demişik"

XƏBƏRLƏR
  • "Azərbaycan güclü dövlətdir, qüdrətli ordumuz var".

Bunu Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı mənsubu, baş leytenant Ruslan Abayev deyib.

O söyləyib ki, dövlətin qüdrətini şərtləndirən amillər sırasında iqtisadi yüksəliş və güclü ordu daha böyük rola malikdir:

"Bu gün qürurla deyə bilərik ki, ölkəmiz iqtisadi və siyasi nailiyyətlərə imza atmaqla yanaşı, ordu quruculuğu prosesində də böyük uğurlar qazanıb. Beynəlxalq reytinqlərə görə, Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusudur. Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan edildi. Bu tarix hər il rəsmi dövlət bayramı kimi qeyd olunur. Bu gün əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan Ordusunun tarixi ənənələri yeni müstəvidə qorunub saxlanılır, inkişaf etdirilir. Bu gərəkli iş Ümummilli Liderimiz Heydər Əliyevin ciddi səyləri nəticəsində mümkün oldu və Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir".

XTQ mənsubu bildirib ki, dünya ictimaiyyəti Azərbaycan Ordusunun gücünü ilk dəfə 2016-cı ilin aprel ayında, qüdrətini isə 44 günlük Vətən müharibəsində gördü:

"105 yaşını qeyd etdiyimiz ordumuz torpaqlarımızı işğaldan azad etdi. Bu tarixi qələbə, ilk növbədə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad iradəsi və rəşadətli ordumuzun döyüş meydanında sərgilədiyi şücaəti ilə qazanıldı. 2020-ci il dekabrın 10-da Bakıda keçirilən Zəfər paradı düşmənə də, onun havadarlarına da xatırlatdı ki, Azərbaycan Ordusu güclü ordudur".

Hərbi ekspert, ehtiyatda olan polkovnik Sahib Şahverdiyev isə qeyd edib ki, son illər Azərbaycan hərbi potensialını xeyli artırıb, ölkəmizə ən müasir silah-sursat, texnika, avadanlıq gətirilib. O vurğulayıb ki, hazırda maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasındadır:

Sahib Şahverdiyev

Sahib Şahverdiyev

“Dünya Azərbaycan Ordusunun gücünə istər Aprel döyüşləri, istərsə də Günnüt əməliyyatında şahid olub. 44 günlük Vətən müharibəsinin hər anında qardaş, dost və müttəfiq Türkiyə ilə Pakistan Azərbaycanın yanında olduğunu göstərdi. Azərbaycan, Türkiyə və Pakistan dövlət rəhbərlərinin iyunun 13-ü və 15-i birgə bəyanatları dostluğumuz və qardaşlığımızın gücünün bariz nümunəsidir".

Azərbaycan Ordusunun giziri Qafar Bahadırov diqqətə çatdırıb ki, 30 illik həsrətdən sonra öz əzəli torpaqlarımıza alnıaçıq, üzüağ, zəfər bayrağı ilə qayıtmaqdan böyük xoşbəxtlik ola bilməz. O söyləyib ki, Vətən müharibəsindən sonra şərti dövlət sərhədində və Qarabağ iqtisadi rayonunda keçirilən əməliyyatlar Azərbaycan Ordusunun peşəkarlığının bariz nümunəsidir:

 Qafar Bahadırov

Qafar Bahadırov

"Belə bir deyim var - torpaq su ilə qarışanda palçıq, qanla qarışanda Vətən. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı arzulayıram. 44 günlük Vətən müharibəsi döyüşlərinin birində döyüş yoldaşım kiçik çavuş Araz Cəfərov qollarımda şəhidlik zirvəsinə ucaldı. Biz hər bir şəhidimizin, Azərbaycan xalqının qisasını almağı bacardıq. Torpaq həsrətinə son qoyan zəfər bizi işğal altındakı bütün ərazilərin üzərində suverenliyin bərqərar olunduğu böyük günə çatdırdı. Ordumuzun maddi-texniki bazası, döyüş ruhu, sosial, texniki təchizatı, peşəkarlığı, güclü orduların reytinqlərində çox yüksək yeri var. İndi hər bir Azərbaycan vətəndaşı onu xarici və digər təhlükələrdən layiqincə hifz edəcək ordunun olmasına tam arxayındır". (Report)

 

Oxşar xəbərlər

SON XƏBƏRLƏR