Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyası arasında imzalanmış memoranduma uyğun olaraq, Abşeron rayonunun Masazır qəsəbəsindəki məcburi köçkünlər üçün inşa edilmiş yaşayış kompleksində 28 dekabr - Azərbaycanda vəkillərin peşə bayramı gününə həsr edilmiş pulsuz hüquqi yardım aksiyası təşkil olunub.
Məcburi köçkünlərlə görüşdə Prezident İlham Əliyevin bu kateqoriyadan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirdiyi, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın onların problemlərinin həllinə xüsusi diqqət göstərdiyi bir daha xatırladılıb.
Tədbirdə Dövlət Komitəsinin Hüquq və kadrlar şöbəsinin müdiri vəzifəsini icra edən hüquq sektorunun müdiri Mirhüseyin Hüseynov, Xırdalan Şəhər Vəkil Bürosu rəhbərinin müavini Toğrul Vəliyev çıxış edərək, ölkəmizdə məcburi köçkünlərin dövlət tərəfindən hüquq və mənafelərinin qorunması, onların sosial müdafiəsinin təmin olunması, Böyük Qayıdışa hazırlanması, bu zaman qarşıya çıxan hüquqi məsələlərin həlli və s. barədə fikirlərini bildiriblər.
Dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə hazırda ölkəmizdə hüquqi islahatların aparıldığı, bu islahatların insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunmasına şərait yaratdığı, məhkəmə-hüquq sistemində şəffaflığın daha da genişləndirildiyi, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə vətəndaşlara göstərilən hüquqi xidmətlərdə ciddi keyfiyyət dəyişikliyinin baş verdiyi qeyd edilib.
Bildirilib ki, qaçqınların və məcburi köçkünlərin hüquqlarının qorunması, qanuni mənafelərinin təmin edilməsi dövlətimizin bu kateqoriyadan olan insanlarla iş sahəsində apardığı siyasətin vacib elementidir. Dövlət Komitəsi ilə Vəkillər Kollegiyası arasında əməkdaşlıq haqqında imzalanmış memoranduma əsasən, bu qurumun mənsubları məcburi köçkünlərin hüquqi maarifləndirilməsinə və ödənişsiz hüquqi yardım almasına töhfə verirlər.
Tədbirdə iştirak edən məcburi köçkünlərə vətəndaşların müraciətlərinə baxılması qaydaları, pensiya təminatı, məcburi köçkünlərin imtiyazları, sahibkarlıq məsələləri və s. barədə ətraflı məlumat verilib.
Sonra məcburi köçkünlərin fərdi müraciətləri dinlənilib, sualları cavablandırılıb, həmçinin hüquqi yardıma ehtiyacı olan 40 nəfərə yaxın məcburi köçkünə pulsuz hüquqi yardım göstərilib, müraciətləri dinlənilərək aidiyyəti qurumlara sorğularının ünvanlanacağına dair məlumat verilib.
Məcburi köçkünlərə ödənişsiz hüquqi yardım göstərilməsi respublikamızın digər ərazilərində də təşkil olunacaq.