22.11.2024, 00:10
AZ EN
16.09.2022, 18:00 478

Dövlət Komitəsinin sədri Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb

XƏBƏRLƏR
  • Sentyabrın 16-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemannla görüşüb.

Ölkəmizdə yeni fəaliyyətə başlamış diplomata qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin əsas istiqamətləri, komitənin fəaliyyəti haqında ətraflı məlumat verilib. Ermənistanın etnik təmizləmə və işğalçılıq siyasəti aparması nəticəsində otuz ilə yaxın bir müddətdə ölkəmizin ciddi problemlərlə üzləşdiyi, bir milyondan çox azərbaycanlının öz daimi yaşayş yerindən didərgin düşdüyü, yalnız iki il əvvəl torpaqlarımızın işğalına son qoyulması ilə əlaqədar məcburi köçkünlərin öz ata-baba yurdlarında qayıdışına imkan yarandığı, hazırda bu sahədə məqsədyönlü addımlar atıldığı bildirilib.

Qeyd edilib ki, məcburi köçkünlərin problemlərinin həlli Prezident İlham Əliyevin sosial siyasətinin prioritetlərindən olub və dövlətimizin başçısı Böyük Qayıdışın uğurla icra edilməsi üçün zəruri tədbirlər həyata keçirir. Qaçqınlara və məcburi köçkünlərə diqqət və qayğı göstərilməsi Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da fəaliyyətində aparıcı xətdir.  

İşğaldan azad edilmiş ərazilərdə geniş miqyasda bərpa-quruculuq işlərinin aparılması, məcburi köçkünlərin mütləq əksəriyyətinin yüksək əhval-ruhiyyə ilə qayıdışa hazırlaşması qeyd edilib. Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ GmbH) ölkəmizdə ötən illərdə məcburi köçkünlərlə bağlı uğurlu fəaliyyətinin Böyük Qayıdış dövründə də davam etdirəcəyinə inam ifadə olunub.

Səfir Ralf Horlemann səmimi görüşə və ətraflı məlumata görə təşəkkür edərək, qarşıdakı fəaliyyəti dövründə Almaniya-Azərbaycan əlaqələrinin daha da möhkəmlənməsinə çalışacağını vurğulayıb. O, ölkəmizi yaxından tanımaq istədiyini, bu məqsədlə, ilk növbədə, əfsanəvi şəhər kimi təsəvvür etdiyi Şuşaya getməyi qərara aldığını deyib. Alman diplomat işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin sürətlə aparılmasını da təqdir edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Oxşar xəbərlər