08.09.2024, 07:06
AZ EN
23.07.2024, 12:23 277

Milli Mətbuat günü ilə bağlı tədbir keçirilib

XƏBƏRLƏR
  • Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Milli Mətbuat və Jurnalistika Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə komitənin rəhbər şəxsləri, Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşları, komitənin strukturuna daxil olmayan tabeliyindəki “Vətən səsi” qəzeti redaksiyasının nümayəndələri, sosial media fəalları iştirak ediblər.

Əsasını böyük maarifçi Həsən bəy Zərdabinin qoyduğu milli mətbuatımızın xalqımızın mədəni intibahında və yüksəlişində mühüm rol oynadığını, Ulu Öndər Heydər Əliyevin Azərbayacana rəhbərlik etdiyi bütün dövrlərdə jurnalistikanın inkişafına şərait yaratdığını, Prezident İlham Əliyevin ölkəmizdə müasir media və kommunikasiya vasitələrinin səmərəli fəaliyyətinə hərtərəfli dəstək verdiyini bildirən komitə sədri Rövşən Rzayev taleyini şərəfli jurnalist peşəsinə bağlayanları təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb. Qeyd olunub ki, qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin, işğaldan azad edilmiş ərazilərə başlanmış Böyük Qayıdışın, bərpa edilən və yeni salınan yaşayış məntəqələrində dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya məsələlərinin işıqlandırılmasında jurnalistlər fəal iştirak edirlər.

Ölkəmizin ilk müstəqil mətbu orqanlarından biri kimi 30 illik nəşr tarixi olan “Vətən səsi” qəzetinin qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin işıqlandırılmasında, Qarabağın, Şərqi Zəngəzurun, Qərbi Azərbaycanın məruz qaldığı faciələr, dogma yurdundan didərgin düşən soydaşlarımızın həyatı barədə həqiqətlərin geniş yayılmasında əhəmiyyətli rol oynadığı, milli mənəvi dəyərlərimizi təbliğ etdiyi, milli mətbuatımızın inkişafına töhfələr verdiyi xatırladılıb. Həsən bəy Zərdabinin maarifçilik və vətənpərvərlik ənənələrinə daim sadiq olan “Vətən səsi” hazırda onlayn qəzet formatında fəaliyyətini davam etdirir, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi, Böyük Qayıdışın gedişi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən sosial layihələrin icrasını fəal işıqlandırır.

Milli Mətbuat günü ilə əlaqədar olaraq qəzetin baş redaktor müavini Nəsib Qaramanlı və fotomüxbiri Ədalət Mehdiyev mediada uzunmüddətli fəaliyyətlərinə görə komitə sədrinin təşəkkürnaməsi ilə təltif olunub, onlara qaçqın və məcburi köçkün probleminin geniş auditoriyaya çatdırılmasında göstərdikləri fəaliyyətə görə minnətdarlıq bildirilib.

Daha sonra Dövlət Komitəsinin sosial media hesablarında paylaşılan məlumatların yayımlanmasında fəallıq göstərən əməkdaşlara sertifikatlar təqdim edilib.

Tədbir çərçivəsində Prezidenti cənab İlham Əliyevin 23 iyun 2024-cü il tarixli Sərəncamı ilə "Tərəqqi medalı" və “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş dövlət qulluqçularına medalları təqdim edilib.

Oxşar xəbərlər