Milli Məclisin deputatı Mahir Abbaszadə tədbirdəki çıxışında işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, Böyük Qayıdışın ilkin nəticələri, bu prosesin səmərəli təşkilində maarifləndirmə, təbliğat-izahat və təşviqat işlərinin əhəmiyyəti barədə danışıb, Dövlət Komitəsinin hazırladığı nəşrlərin təkcə məcburi köçkünlərin deyil, həm də geniş ictimaiyyətin məlumatlandırılması məqsədi daşıdığını bildirib.
Sərgi iştirakçılarına məcburi köçkünlər üçün hazırlanmış 6 adda maarifləndirici, 9 adda məlumatlandırıcı, həmçinin “Şuşa qalası” seriyasından 10 adda tarixi-etnoqrafik broşürlər təqdim edilib. Maarifləndirici broşürlər mina təhlüksəizliyi, məşğulluq və sahibkarlıq, sosial müdafiə tədbirləri, icma quruculuğu və fəaliyyəti, dövlət xidmətləri, ətraf mühitin mühafizəsi və ekologiya mövzularını əhatə edir. İşğaldan azad edilmiş ərazilərin tarixi və həmin ərazilərdə aparılan bərpa-quruculuq işləri barədə məlumatlandırıcı-maarifləndirici broşürlər Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan rayonlar haqqındadır. Həmçinin məcburi köçkünlər üçün məlumat kitabı və azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyasından bəhs edən kitab nəşrə hazırlanmışdır.
“Şuşa qalası” seriyasına isə “Şəhərin yaranması”, “Məhəllələr və küçələr”, “Toponimlər”, “Tarixi-memarlıq abidələri”, “Flora və fauna”, “Müqəddəs məkanlar”, “Karvansaralar, hamamlar, bazarlar”, “Sənətkarlıq”, “Ticarət” və “Bulaqlar” adlı broşürlər daxildir.
Böyük Qayıdışa təbliğat-təşviqat və izahat dəstəyi olaraq hazırlanan nəşrləri sərgi iştirakçıları maraqla qarşılayıblar.