28.03.2024, 18:23
AZ EN
24.06.2022, 18:00 295

Dövlət Komitəsində BMqT-nin Azərbaycan Nümayəndəliyinin rəhbəri ilə görüş olub

XƏBƏRLƏR
  • İyunun 24-də Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan Nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev ilə görüşüb.

Prezident İlham Əliyevin sosial siyasət xəttinin prioritetləri arasında qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinin mühüm yer tutduğu, bu kateqoriyadan olan şəxslərin hüquq və mənafelərinin qorunmasına Birinci vitse-prezident xanım Mehriban Əliyevanın xüsusi diqqət yetirdiyi qeyd olunub. Bildirilib ki, Ermənistanın işğalına son qoyduqdan, Şərqi Zəngəzurda və Qarabağda öz suveren hüquqlarını bərpa etdikdən sonra Azərbaycan dövləti həmin ərazilərdə zəruri təhlükəsizlik tədbirləri və bərpa quruculuq işləri həyata keçirir. Məqsəd məcburi köçkünlərin könüllü şəkildə öz daimi yaşayış yerlərinə qaytarılması, təhlükəsiz və ləyaqətli həyat şəraiti ilə təmin olunmasıdır.

Ötən dövrdə qaçqınların və məcburi köçkünlərin problemlərinin həllində beynəlxalq təşkilatların, o cümlədən BMqT-nin ölkəmizə fəal dəstəyi razılıq hissi ilə xatırlanıb, Böyük Qayıdış zamanı da bu dəstəyin artırılmasının vacibliyi, işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma və məşğulluğun təmini üçün beynəlxalq təşkilatların müvafiq layihələr həyata keçirə biləcəyi vurğulanıb.   

Vladimir Qyorqiyev təmsil etdiyi təşkilatın Azərbaycanla əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını, qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətini yüksək dəyərləndirdiyini deyib. Bildirib ki, BMqT ölkəmizdə kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin inteqrə edilmiş inkişafı üzrə layihənin Dövlət Komitəsi ilə əməkdaşlıq şəraitində davamlılığına nail olmaq niyyətindədir. Həmçinin birgə layihələrin məcburi köçkünlərin məşğulluğunun dəstəklənməsi üzrə fəaliyyəti əhatə etməsi də nəzərdə tutulur.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib, əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi üçün səmimi fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər