Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması üçün genişmiqyaslı tədbirlər həyata keçirilib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da müharibədən əziyyət çəkən insanlara, o cümlədən məcburi köçkünlərə xüsusi diqqət və qayğı göstərdiyi qeyd olunub.
Dövlətimizin başçısının işğaldan azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin doğma yurda qayıdışa hazırlıqla bağlı verdiyi tapşırıqların icra vəziyyəti barədə vətəndaşlara məlumat verilib. Bildirilib ki, məcburi köçkünlər üçün yaşayış sahələri yalnız işğaldan azad edilmiş ərazilərdə inşa olunur və qarşıdakı illərdə bu sahədə işlər daha da sürətləndiriləcəkdir. Mərhələli qaydada aparılacaq qayıdış zamanı, ilk növbədə, müvəqqəti məskunlaşma yerlərində ən ağır vəziyyətdə yaşayanlar yeni mənzillərə köçürüləcəklər.
Qəbulda iştirak edən vətəndaşların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq, işğaldan azad olunmuş ərazilərə qayıdış və digər məsələlərlə əlaqədar olub.
Komitə sədrinin qəbulunda əksəriyyəti məcburi köçkün olan vətəndaşların müraciətləri dinlənilib və müvafiq qaydada qeydə alınıb. Onlara bildirilib ki, qaldırılan məsələlər araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcəkdir.