Qonağa ölkəmizdə qaçqınlıq və məcburi köçkünlük probleminin yaranmasının tarixi səbəbləri, onun həlli ilə bağlı aparılan dövlət siyasəti və komitənin fəaliyyəti barədə ətraflı məlumat verilib.
Bildirilib ki, qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli daim dövlətimizin sosial siyasətinin prioritetləri sırasında olub. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində son iyirmi il ərzində onların sosial müdafiəsinin gücləndirilməsi və yaşayış şəraitinin yaxşılaşdırılması üçün məqsədyönlü tədbirlər görülüb. Birinci vitse-prezident Mehriban xanım Əliyeva da bu kateqoriyadan olan vətəndaşlarla bağlı məsələlərin həllinə öz töhfəsini verir.
Hazırda Azərbaycan işğaldan azad edilmiş ərazilərdə öz suverenliyini tam bərpa edib, yüz minlərlə məcburi köçkünün doğma yurda geri dönməsi üçün real imkan yaranıb. Bununla əlaqədar olaraq müvafiq Dövlət Proqramı qəbul edilib, onun Tədbirlər Planı təsdiqlənib və uğurla icra olunur. Böyük Qayıdış başlanıb və qarşıdakı illərdə daha böyük miqyas alacaq.
Dövlət Komitəsinin Böyük Qayıdışın icrası ilə bağlı qarşısına qoyulan vəzifələr və onların yerinə yetirilməsi gedişi barədə də qonağa məlumat verilib. Məcburi köçkünlərin qayıdışa hazırlanmasında beynəlxalq təşkilatlarla əməkdaşlığın vacibliyi qeyd olunub.
Dövlət Komitəsinin sədri fransalı araşdırmaçının çoxsaylı suallarını cavablandırıb, doğma yurda geri dönəcək həmvətənlərimiz arasında aparılan sorğuların nəticələrini şərh edib.
Professor Kristian Vallar səmimi qəbula görə minnətdarlıq bildirib, apardığı tədqiqatlarda ona verilən məlumatlardan istifadə edəcəyini deyib.
Görüşdə Paris Azərbaycan Evinin prezidenti, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva da iştirak edib.