21.11.2024, 21:58
AZ EN
27.07.2023, 08:31 375

Dövlət Komitəsi AzQAC və IFRC arasında niyyət sazişi imzalanıb

XƏBƏRLƏR
  • İyulun 26-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) prezidenti, Milli Məclisin deputatı Novruz Aslanovla və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (IFRC) Cənubi Qafqaz ölkələri üzrə klaster nümayəndəliyinin rəhbəri Davron Mühəmədiyevlə görüşüb.

Görüşdə qonaqlara Böyük Qayıdışa dair Dövlət Proqramının icrası üzrə komitənin gördüyü işlər, məcburi köçkünlərin geri dönüşünün təşkili, bu istiqamətdə aparılan təbliğat-izahat və təşviqat işlərinin gedişi, köçürülmənin ilkin nəticələri barədə məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığı ilə məcburi köçkünlərin doğma yurdda təhlükəsizliyinin təmin edilməsi və rahat yaşayışı üçün zəruri şərait yaradılır. Diqqətə çatdırılıb ki, Böyük Qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərdə yeni salınan və bərpa edilən yaşayış məntəqələrinə indiyədək 236 ailə, 1023 nəfər köçürülüb. Məcburi köçkünlər arasında keçirilən sorğular zamanı onların mütləq əksəriyyəti doğma torpaqlara qayıtmaq istəyini ifadə edib.

Dövlət Komitəsinin sədri beynəlxalq təşkilatların, o cümlədən IFRC-nin ölkəmizdə qaçqınlar və məcburi köçkünlərlə bağlı humanitar problemlərin həllinə dəstəyini yüksək dəyərləndirib, Böyük Qayıdış prosesində də bu dəstəyin davam etdirilməsi niyyətinin dərin razılıq hissi doğurduğunu bildirib, AzQAC-la uzunmüddətli əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

AzQAC prezidenti Novruz Aslanov rəhbərlik etdiyi qurumun, ölkəmizin ən böyük qeyri-hökumət təşkilatı kimi,  qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsinə daim dəstək verməsini özünün ən vacib fəaliyyət istiqaməti saydığını, uzun müddət didərginlik məhrumiyyəti yaşayan insanların humanitar ehtiyaclarının qarşılanmasında fəal iştirak etdiyini, indi Böyük Qayıdışın başlandığı bir vaxtda da  öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışdığını diqqətə çatdırıb.

IFRC-nin Cənubi Qafqaz ölkələri üzrə klaster nümayəndəliyinin rəhbəri Davron Mühəmədiyev səmimi qəbula görə təşəkkürünü bildirib, ölkəmizdə öz mandantına uyğun olaraq həyata keçirdiyi fəaliyyətin əsas istiqamətləri, işğaldan azad edilmiş ərazilərə qayıdışla bağlı görə biləcəyi tədbirlər, həmçinin yeni situasiyada Dövlət Komitəsi ilə əməkdaşlıq imkanları barədə fikirlərini çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Sonda Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası arasında Azərbaycanda qaçqınlara və məcburi köçkünlərə dəstək göstərilməsi məqsədilə təşkilatlar, o cümlədən vətəndaş cəmiyyəti institutları arasında tərəfdaşlığın təşkilinə dair Niyyət sazişi imzalanıb.

Oxşar xəbərlər