21.11.2024, 13:46
AZ EN
18.05.2022, 16:10 753

USAİD geri qayıdacaq məcburi köçkünlərlə bağlı layihə icra edəcək

XƏBƏRLƏR
  • Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Sosial İştiraka Dəstək (SES) layihəsinin rəhbəri Mark Qrabın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Ermənistanın Azərbaycana qarşı işğalçılıq və deportasiya siyasəti, bunun nəticəsində yaranmış qaçqınlıq və məcburi köçkünlük problemi, həmin kateqoriyadan olan insanların sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verib. Bildirilib ki, Prezident İlham Əliyevin sosial siyasətinin prioritet istiqamətlərindən biri kimi məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması sahəsində böyük işlər görülüb.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da müharibədən əziyyət çəkən insanlara, o cümlədən məcburi köçkünlərə xüsusi diqqət və qayğı göstərdiyi qeyd olunub.

Nəzərə çatdırılıb ki, 44 günlük Vətən müharibəsindən sonra məcburi köçkünlərin doğma yurdlarına – işğaldan azad edilmiş ərazilərə qayıtması üçün şərait yaranıb. Hazırda ərazilərin minalardan təmizlənməsi, rabitə-kommunikasiya xətlərinin yenidən qurulması istiqamətində tədbirlər həyata keçirilir. Məcburi köçkünlərin təhlükəsiz və rahat yaşayışının, dayanıqlı məskunlaşmasının təmin olunması qarşıya qoyulan ən mühüm vəzifədir.

USAİD-in Sosial İştiraka Dəstək (SES) layihəsinin rəhbəri Mark Qrab layihə haqqında məlumat verib. Bildirib ki, layihənin məqsədi inkişaf əsaslı birgə təşəbbüslərdə hökumət ilə səmərəli qarşılıqlı fəaliyyətin təşkili üçün vətəndaşların və vətəndaş qruplarının bilik və bacarıqlarını təkmilləşdirməkdir. Məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı ərəfəsində layihə üzrə növbəti tədbirlər məcburi köçkünlərin iştirakı ilə keçiriləcək. Layihənin məlumat bazasını yeniləmək üçün məcburi köçkünlərin ehtiyacları təhlil olunacaq. Daha sonra məcburi köçkünlərin məşğulluğuna dəstək üçün dövlət qurumları və təşkilatlarla birgə təlimlər keçiriləcək.

Görüşdə “Yüksəliş” müsabiqəsinin qalibi kimi Dövlət Komitəsində mentorluq proqramına cəlb olunmuş Xamis Seyranov da iştirak edib.

Oxşar xəbərlər