20.02.2025, 00:39
AZ EN
16.02.2025, 08:14 135

Qərbi Azərbaycan Xronikası: “Yapon” ləqəbli daşnakın Zeytə qətliamı

QƏRBİ AZƏRBAYCAN
  • Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İrsimiz” rubrikasının növbəti buraxılışı hazırlanıb.

“Vulkan püskürməsi ilə kəndin torpağı qara rəng alıb” adlı buraxılışda Dərələyəz mahalının Paşalı rayonunun Zeytə kəndinin tarixi, adət-ənənələri və irsi araşdırılıb.

Bildirilib ki, Dərələyəz mahalının Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində yerləşən Zeytə kəndinin qədim adları çox olub və biri də “Zeyvə”dir. Adı “İrəvan əyalətinin icmal dəftəri”ndə qeyd edilib. 1991-ci ildə kəndin adı dəyişdirilib Zedsa qoyulub. Kənddə 1831-ci ildən 1916-cı ilədək yalnız azərbaycanlılar yaşayıblar. Sakinlər 1918, 1948 və 1988-ci illərdə erməni təcavüzünə məruz qalaraq deportasiya olunublar.

Diqqətə çatdırılıb ki, bu kənddə ermənilər 12 yaşlı uşağın ailəsini qətlə yetirib boynunu qılınclayıblar. 1918-ci ildə “Yapon” ləqəbli daşnak qaniçən 580 nəfərlik bu kəndi dağıdıb, əhalinin böyük qismi məhv edilib. Qaçıb canını qurtaran insanlar Naxçıvana sıgınıblar. 1948-ci ildə Zeytədən deportasiya edilənlər Stalinin ölümündən sonra geri qayıdıblar. Əhalinin köməyinə gələn hərbi maşınlara erməni silahlıları hücum ediblər. Beləliklə, bir əsrdə 3 dəfə erməni zülmünə məruz qalmış kənd acı tarix yaşayıb.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır. (Report)

Oxşar xəbərlər