“Aşıq Ələsgər yurdunun tarixi və irsi” adlı bugünkü buraxılış Göyçə mahalının Basarkeçər (Vardenis) rayonu ərazisində yerləşən Ağkilsə kəndinin tarixi, etno-mədəniyyəti, abidələri, toponimləri və irsi araşdırılıb.
Bildirilir ki, Ağkilsə kəndinin yaranma tarixi XVII əsrin əvvəlinə, yəni 1610-cu ilə təsadüf edir. Kəndin bünövrəsi Cənubi Azərbaycanın Ərdəbil və Sulduz əyalətlərindən Göyçə mahalına gələn Məşədi Xavərlilər tayfasından olan dörd qardaş tərəfindən salınıb. Qardaşlar Göyçə mahalının ozan (aşıq) məktəbinin banilərindən biri olan Aşıq Ələsgərin təmsil etdiyi Alməmmədlilər tayfasının sakinləri ilə xalaoğludurlar.
Məşədi Xavərlilər Cənubi Azərbaycan xanları ilə aralarında olan uzun müddətli çəkişmələrə tab gətirə bilmədiklərinə görə, Göyçə mahalına gələrək, indiki Ağkilsə kəndində III-V əsrlərdə yaşamış albanların tarixindən bəhs edən Ağkilsəni özlərinə yaşayış yeri seçərək orda məskunlaşıb yaşayıblar. Kəndin ilk adının Ağkilsə adlandırılması da oradan yaranıb.
Qeyd olunur ki, rayon mərkəzindən 16 kilometr məsafədə yerləşən kəndin yarandığı ilk gündən 1988-ci ilin dekabırına qədər iki dəfə dəyişdirilib. Kəndin ilk adı 1975-ci ilin yanvarın 3-nə qədər Ağkilsə, ikici adı isə 1988-ci ilin dekabrına qədər Azad olub. Bu ad erməni daşnaklarının apardıqları antitürk siyasətinin təsiri nəticəsində qoyulub. Kəndin ərazisində adları türk toponimlərdən ibarət çox gəzməli və mənzərəli qədim yurd yerləri var. Burada aparılan arxeoloji qazıntılar zamanı üç-dörd mərtəbəli qəbirlər tapılıb.
Süjetdə qədim Bəzirxana üzərində müəmmalı yazının sirrinə, Ağkilsədə ağ daşdan tikilən kilsə üzərində alban yazısına, yayda qar yağan zaman bəzirxan sənayesinin necə məhv olmasına, yayda yağan qarın kətan yağı ilə məşğul olanları müflis etməsinə, ermənilərin Ağkilsəni necə dağıtmasına, həmçinin Aşıq Ələsgərin evinə ermənilərin niyə od vurmasına və digər məqamlara aydınlıq gətirilir.
Sonda ermənilərin Ağkilsəyə girə bilmədiyi üçün kəndə rus ordusunun daxil olaraq azərbaycanlıları çıxarması da diqqətə çatdırılır.
Ümumiyyətlə, “İrsimiz” layihəsinin məqsədi Qərbi Azərbaycanın mahal və kəndlərində itməkdə olan irsimizin qorunub saxlanılması, yaşadılması və təbliği kənd sakinləri, tarixçilər, etnoloqlar, etnoqraflar, folklorşünasların dəlil və söhbətləri ilə böyük türk izlərinin araşdırılmasıdır.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır. (Report)
Ətraflı linkdə: https://www.youtube.com/watch?v=cHZpQOSlH2A