“Ailəmlə qayıdıb yenidən Qafanda yaşamaq istəyirəm” adlı veriliş Qərbi Azərbaycanın Zəngəzur mahalının Qafan şəhər sakini Rəşad Həsənovun həyat hekayəsinə həsr olunub.
O, altı yaşına qədər Qafan şəhərində yaşadığını, 1988-ci ildə ailəsi ilə birlikdə deportasiya olunduqlarını deyib: “Biz Qafan şəhərində 9 mərtəbəli binanın 2-ci mərtəbəsində yaşayırdıq. Həmin binanın qarşısında Stup dağı var idi, eyvandan baxanda dağ görünürdü. Qafanın çox gözəl coğrafi mövqeyi var. Uşaq vaxtı atamla, babamla, nənəmlə Stup dağının ətəyinə gediridk, gəzirdik, istirahət edirdik. Çox gözəl günlərimiz olurdu. Novruz ənənələrimiz var idi, çərşənbələr var idi. Adət-ənənələrimizi çox gözəl davam etdirirdik”.
Onun sözlərinə görə, azərbaycanlı ailələr əsasən Qafanın kəndlərində yaşayıblar: “Babamın əsli isə Qafanın Əcli kəndindəndir. Babamın babasını da ermənilər 1918-ci ildə Qafandan sürgün ediblər, deportasiya ediblər, qovublar. Onların yarısı Naxçıvan tərəfə gediblər, yarısı da İrana keçiblər. Təbii ki, deportasiya olunan zaman yollarda xəstəlik tutublar, yarısı qırılıb. 1918-ci ildən sonra, sovet hakimiyyəti qurulandan sonra Qafanın kəndinə qayıdıblar. Mənim uşaqlığım 6 yaşadək orada keçib. Orada erməni uşaqlarla, erməni ailələri ilə münasibətimiz doğrudan da normal olub, gəliş-gedişimiz olub, qonaq gəlmişik, qonaq getmişik, bayramlarda, ad günlərində bir yerdə olmuşuq. Biz onlara nəsə bir pislik etməmişik. Amma onlar öz aralarında bizi çıxarmaq, Zəngəzur mahalından qovmaq fikrində olublar".
R.Həsənov erməni tələbələrin axşamlar Azərbaycan türklərinin evini daşladıqlarını, butulkalara benzin doldurub yandırdıqlarını xatırladıb: “1988-ci ilin noyabr ayında ermənilər bizi öz torpağımızdan, öz dədə-baba yurdumuzdan, öz Vətənimizdən deportasiya etdilər. Soyuq günlər idi, çox pis vəziyyətdə idik. Vaqonlarda, soyuq havada, qarlı qışda, evimizdə nə qədər əşya var idi evdə də qaldı, qoca, yaşlı, qız-gəlin, kim gəldi bizi öz torpaqlarımızdan çıxardılar. O zümlərdən sonra gəlib Bakı şəhərində yerləşdik”.
O, dədə-baba yurdlarına qayıdacağına əminliyini bildirib: “Ora bizim tarixi elimiz-obamız olub. Babalarımızın, ulu babalarımızın ruhları oradadır. O torpaqda yaşamaq istəyirəm. İnşallah, bunu səbirsizliklə gözləyirik. Şəxsən mən bir vətəndaş olaraq buna inanıram. Ali Baş Komandanın ətrafında sıx birləşməliyik, öz torpaqlarımıza getməyi və o torpaqlarımıza, Vətənimizə, elimizə, obamıza sahib çıxmalıyıq”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin, Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır. (Report)