“AzərEnerji”dən verilən məlumata görə, BP ilə “AzərEnerji” arasında əməkdaşlıq sazişinə uyğun olaraq, “Şəfəq” Günəş Elektrik Stansiyasının enerjisistemə qoşulması üçün Cəbrayılda 330/33 kilovoltluq yeni yarımstansiya və 7,5 km məsafədə 330 kilovoltluq ikidövrəli yüksək gərginlikli ötürmə xətti çəkilib.
Layihələrin əsas məqsədi, dövlət-özəl tərəfdaşlığına dəstək, karbon emissiyalarının azaldılması, təbii qaza qənaət olunması və bərpa olunan enerji mənbələrinin payının artırılmasıdır. Bu layihələr Azərbaycanın “yaşıl enerji” keçidinə və enerji təhlükəsizliyinə mühüm töhfə verəcək. Stansiyada istehsal olunan elektrik enerjisinin “Virtual Enerji Ötürülməsi Mexanizmi” (VPTA) çərçivəsində 330 kV-luq “Cəbrayıl” Enerji Qovşağına, oradan isə enerjisistemə ötürülməsi və eyni miqdarda enerjinin Səngəçal terminalına verilməsi nəzərdə tutulur.
Yeni tikilən “Cəbrayıl” yarımstansiyasında işlər yekunlaşıb və “Şəfəq” Günəş Elektrik Stansiyası tikilərək istismara verildikdən sonra istehsal olunan “yaşıl enerji”nin ötürülməsinə başlanılacaq. (APA)