“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnika təmiri məntəqələrinin yaradılması planlaşdırılır. Sənaye Parkı logistik imkanlar baxımından əlverişli ərazidə yerləşir ki, bu da sahibkarların diqqətini cəlb edən əsas məqamlarlardan biridir.
İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat katibi Elçin Kazımov müsahibəsində bildirib ki, parkda ümumi investisiyalarının həcmi 150 milyon manata yaxındır. 13 sahibkarlıq subyektinə rezidentlik, 2 sahibkara isə qeyri-rezidentlik statusu verilib. 15 sahibkarlıq subyekti tərəfindən Sənaye Parkında ümumilikdə 2000-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Bu günədək Sənaye Parkında görülmüş işlərə rezidentlər tərəfindən 25 milyon manatdan çox investisiya yatırılıb, 100 nəfərlik daimi iş yeri yaradılıb.
Hazırda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında 1 müəssisə tam fəaliyyət göstərir. Müəssisədə kənd təsərrüfatı texnikalarına, ağır yük maşınlarına texniki servis xidməti göstərilir.
Sənaye parkının bir çox rezidentləri tərəfindən layihələndirmə, tikinti-quraşdırma işləri görülür. 6 müəssisənin qurulması istiqamətində tikinti işləri davam etdirilir. Tikintisi gedən müəssisələr beton və quru yapışdırıcı, dekorativ daşların, dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhsulların, yapışqan lentlərin, minatəmizləyən, xüsusi təyinatlı texnika və metal məmulatların istehsalı ilə məşğul olacaq, nəqliyyat vasitələrinə yanacaqdoldurma xidməti göstəriləcək.
Elçin Kazımovun sözlərinə görə, gələn il Sənaye Parkında beton, dekorativ daşların, dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhsulların istehsalı müəssisələrinin fəaliyyətə başlaması planlaşdırılır. Burada sahibkarlıq fəaliyyətinin inkişafı üçün hər cür investisiya imkanları formalaşdırılıb.
"Sənaye zonalarında sahibkarlar dövlət vəsaiti hesabına hazır infrastrukturla təmin edilirlər. Sahibkarlar “Plug and Play” prinsipindən istifadə etməklə sənaye zonalarında öz biznes layihələrini həyata keçirə bilərlər. Hazırda Sənaye Parkında infrastrukturun qurulması istiqamətində işlər görülür, inzibati binanın, yeməkxananın, transformator məntəqələrinin, elektrik yarımstansiyasının, su anbarının, kanalizasiya sisteminin, daxili avtomobil yollarının salınması istiqamətində işlər davam etdirilir. Ərazidə ümumilikdə 12 transformator məntəqəsi, 1 elektrik yarımstansiya inşa ediləcək. Bundan başqa, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnika, texnoloji avadanlıq və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından tam azad olunurlar. İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye parklarında tətbiq edilmiş idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində rezidentlər bu günə qədər 500 milyon manatdan çox, cari ilin 11 ayında isə 40 milyon manatdan çox vəsaitə qənaət ediblər", - deyə o diqqətə çatdırıb.
İşğaldan azad olunmuş ərazilərdəki mövcud sənaye parklarında əlavə güzəştlər də tətbiq edilir. Bunlara xüsusi güzəştli bank kreditləri, sosial sığorta ödənişlərinin subsidiyalaşdırılması, kommunal xidmətlərə 20 faiz endirim, idxal olunan xammal və materiallar üzrə gömrük rüsumları və ƏDV-dən tam azadolma (müəyyən edilmiş siyahısıya əsasən) aiddir. (AZƏRTAC)