13.06.2025, 21:20
AZ EN
21.11.2022, 11:18 455

Ağdamlı məktəblilər elektromexanika mühəndisliyi dərnəyində proqramlaşdırma bacarığına yiyələnirlər

QARABAĞ
  • Ağdam rayon Qaradağlı kənd tam orta məktəbinin müəllimi Rəqşanə Məmmədovanın həyata keçirdiyi “Ağdamlı məktəblilərin elektromexanika mühəndisliyi dərnəyi" layihəsi çərçivəsində şagirdlər proqramlaşdırma bacarığına yiyələnirlər. Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqəsi qalibi olmuş layihənin əsas məqsədi gələcək “ağıllı kənd” sakinləri olacaq ağdamlı şagirdlərə proqramlaşdırma, robotexnika istifadə bacarığını öyrətmək və elektromexanika mühəndisi yetişdirməkdir.

Layihə rəhbəri, Ağdam rayon Qaradağlı kənd tam orta məktəbin müəllimi Rəqşanə Məmmədova bildirib ki, layihədə Ağdam rayon Qaradağlı, Hacıməmmədli, Çəmənli, Evoğlu, Rzalar kənd tam orta məktəblərinin ümumilikdə 80 şagirdi iştirak edir. “Ağdamlı məktəblilərin elektromexanika mühəndisliyi dərnəyi”ndə dərslər 4 qrup üzrə keçirilir. Hər qrupda 20 şagirdə proqramlaşdırma bacarığı öyrədilir.

Rəqsanə Məmmədli layihədən böyük nəticələr gözlədiyini bildirib: “İşğaldan azad olunmuş ərazilərin bərpasında yeni, müasir, “ağıllı” texnologiyalar, layihələr tətbiq olunur, “ağıllı şəhər”, “ağıllı kənd” kimi konsepsiyalar həyata keçirilir. Bu baxımdan şagirdlərin mühəndislik bacarıqlarına, texnoloji biliklərə yiyələnməsi əhəmiyyət kəsb edir. Layihədə iştirak edən şagirdlərdə mühəndislik bacarığı yaranacaq və onlar öyrəndikləri bu texnoloji bilikləri gələcəkdə yaşadıqları kəndlərdə tətbiq edəcəklər”.

“Ağdamlı məktəblilərin elektromexanika mühəndisliyi dərnəyi”nin üzvləri daha bir uğura imza atıblar. Belə ki, onlar “Beynəlxalq STEAM Azərbaycan Festivalı 2022" müsabiqəsinin İnnovativ sərgi kateqoriyası üzrə final mərhələsinə vəsiqə qazanıblar. Komanda üzvləri Leyla Qarazadə, Zeynəb Məmmədli və Murad Ağaməmmədlinin hazırladıqları “ağıllı ev” layihəsi öz mükəmməlliyi və görünüşü ilə yüksək bal yığaraq final mərhələsinə keçib. (AZƏRTAC)

Oxşar xəbərlər