Əvvəlcə şəhər mərkəzindən Alxanlı kəndində şəhidlərin xatirəsinə ucaldılmış abidəyə yürüş təşkil olunub. Yürüş iştirakçıları çıxışlarında vurğulayıblar ki, qəhrəman şəhidlərimizin əbədi xatirəsi Azərbaycan xalqının yaddaşında daim yaşayacaq.
Saat 12:00-da ölkə üzrə olduğu kimi, Füzulidə də sükut dəqiqəsi elan edilib. Nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb, siqnallar verilib.
Daha sonra Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində tədbir keçirilib. Burada ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib, şəhidlərin igidlik yolundan bəhs olunub. Anım tədbirlərində Füzuli sakinləri ilə yanaşı Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin əməkdaşları, hüquq-mühafizə orqanlarının və müxtəlif idarə və təşkilatların nümayəndələri, həmçinin rayonun tikinti-quruculuq işlərində çalışanlar iştirak ediblər.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, sentyabrın 27-si Azərbaycanda Anım Günü elan edilib. Bu gün ölkəmizin bütün şəhər və rayonlarında, o cümlədən azad edilmiş ərazilərimizdə anım mərasimləri keçirilir, şəhidlərimizin xatirəsi dərin ehtiramla yad olunur.(AZƏRTAC)