Bu mərhələdə Həsənriz kəndinə 20 ailə - 68 nəfər köçürülüb. Həsənrizə köç karvanı ilə qayıdanlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.
Ailələrə evlərinin açarlarının təqdimatı mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.
Tədbirdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov doğma yurdlarına köç edən sakinləri təbrik edərək, onlar üçün kənddə hər cür şəraitin yaradıldığını bildirib.
Keçmiş məcburi köçkünlərə doğma ata-baba yurdlarında mənzillərin açarı təqdim edilib və ailələr yeni evlərində yerləşiblər. Bununla da Ağdərə rayonunun Həsənriz kəndində ümumilikdə 90 ailə - 306 nəfər ailə məskunlaşıb. (AZƏRTAC)