Dövlətimizin başçısı Macarıstana son səfərini məmnunluqla xatırlayaraq, Macarıstan Prezidentinin və Baş nazirinin bu səfər zamanı göstərdikləri qonaqpərvərlik və sıx əməkdaşlıq səylərini bir daha yüksək qiymətləndirdi. Prezident İlham Əliyev bu səfərin yaxşı nəticələr verdiyini vurğulayaraq Marton Nadın ölkəmizə gəlməsinin ikitərəfli münasibətlərimizin inkişafı baxımından önəmini qeyd etdi. Dövlətimizin başçısı Macarıstanın iqtisadi inkişaf nazirinin səfərinin əldə olunmuş razılıqlara əsasən gələcək əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi üçün yaxşı imkan yaratdığını dedi. Əlaqələrimizin gündəliyinin genişləndiyini bildirən Azərbaycan Prezidenti bütün istiqamətlərdə artıq yaxşı nəticələrin olduğunu vurğuladı.
Qəbula görə minnətdarlığını ifadə edən Marton Nad dünən Azərbaycan hərbçilərinin şəhid olması ilə bağlı dövlətimizin başçısına başsağlığı verdi.
Macarıstanın iqtisadi inkişaf naziri ölkəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyünü daim dəstəklədiyini bildirərək sülh və danışıqlara alternativin olmadığını vurğuladı. Qonaq Prezident İlham Əliyevin Macarıstana səfərinin yüksək səviyyədə həyata keçirildiyini və münasibətlərimizin inkişafı baxımından böyük önəm daşıdığını dedi.
Görüşdə ölkələrimiz arasında iqtisadi əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.