08.09.2024, 08:00
AZ EN
19.01.2023, 19:55 128

Azərbaycan Prezidenti İlham Əliyevin Davosda Xorvatiyanın Baş naziri ilə görüşü olub

XƏBƏRLƏR
  • Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç ilə görüşü olub. Prezident İlham Əliyev Xorvatiya Baş nazirini Azərbaycana səfərə dəvət edib.

Dəvət minnətdarlıqla qəbul olunub.

Söhbət zamanı minaların təmizlənməsi sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Xorvatiyanın da minalardan əziyyət çəkən ölkə kimi minatəmizləmə sahəsində təcrübəyə malik olduğu bildirilib.

Dövlətimizin başçısı otuzillik işğal dövründə Ermənistanın Azərbaycan ərazilərində çoxlu sayda mina basdırdığı və 2020-ci il noyabrın 10-dan - hərbi əməliyyatların başa çatmasından bu günədək 300-ə yaxın Azərbaycan vətəndaşının mina hadisələri nəticəsində həlak olduğu və ya yaralandığı qeyd edilib. Hazırda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin xətti ilə genişmiqyaslı minatəmizləmə əməliyyatlarının həyata keçirildiyi bildirilib. Xorvatiya ilə bu sahədə əməkdaşlığın mövcud olduğu, həmçinin Xorvatiya şirkətlərindən bununla bağlı müxtəlif avadanlıqların alındığı vurğulanıb. Minatəmizləmə sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi qeyd edilib.

Söhbət zamanı enerji sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunub. Azərbaycanın Avropa İttifaqı ilə enerji sahəsindəki strateji tərəfdaşlığı vurğulanıb. Hazırda ölkəmizin Avropanın enerji bazarına əlavə qaz həcmləri çıxarması istiqamətində fəaliyyətini davam etdirdiyi bildirilib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər