27.12.2024, 21:56
AZ EN
04.02.2022, 17:40 239

İndiki gənclər üçün imkanlar daha genişdir və onlar bu imkanlardan istifadə etməlidirlər

XƏBƏRLƏR

Prezident İlham Əliyev fevralın 2-də Bakıda Gülüstan sarayında  Azərbaycan Gəncləri Gününün 25 illiyi münasibəti ilə keçirilən Gənclər Forumunda iştirak edib. Gənc sahibkarların, dövlət proqramları iştirakçılarının, keçmiş məcburi köçkün və şəhid ailələrinin gənc üzvlərinin, Vətən müharibəsi iştirakçılarının, təhsildə və sosial inklüziv fəaliyyətdə fərqlənənlərin toplaşdığı Forumda dövlətimizin başçısı çıxış edib və gənclərin suallarını cavablandırıb.

Dövlətimizin başçısı çıxışında Azərbaycan gənclərini əlamətdar  gün münasibəti ilə təbrik edərək deyib:  “İyirmi beş il bundan əvvəl Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə Azərbaycanda Gənclər Günü təsis edildi və o gündən bu günə qədər fevralın 2-də biz bu günü qeyd edirik. Ondan bir il əvvəl isə Heydər Əliyevin təşkilatçılığı və təşəbbüsü ilə Azərbaycanda Birinci Gənclər Forumu keçirilmişdir. O vaxtdan bu günə qədər gənclər siyasəti daim dövlətin prioritetləri sırasında idi. O gündən bu günə qədər bir nəsil dəyişdi və bu gün bu salonda oturan gənclər o vaxt ya hələ dünyaya gəlməmişdi, ya da balaca uşaqlar idi. Bir nəsil dəyişdi və Azərbaycan dəyişdi”.

Prezident İlham Əliyev Azərbaycanın müstəqilliyinin ilk illərindəki vəziyyət barədə danışarkən deyib: “...Müstəqilliyimizin cəmi 6 yaşı var idi, Azərbaycan müstəqil həyata təzə-təzə başlayırdı. Ölkə qarşısında çox böyük, ciddi, fundamental problemlər dayanmışdı. Birinci Qarabağ müharibəsindən cəmi üç il keçmişdi və böyük ümidlər var idi ki, beynəlxalq aləm, vasitəçilər tezliklə Qarabağ məsələsini həll edəcək, ədaləti bərpa edəcək. Belə ümidlər var idi və bütün digər sahələrdə vəziyyət çox ağır idi. Siz gənclər təbii ki, o illəri görməmisiniz. Ancaq bu, bizim tariximizdir və bizdən sonra gələn nəsillər bu tarixi bilməlidir, unutmamalıdır. Çünki məhz düzgün təhlil apararkən, tarixdən ibrət götürərkən biz inamla irəliyə gedə bilərik”.

Dövlətimizin başçısı həmin dövrdə Azərbaycan reallıqlarının, demək olar ki, dünya ictimaiyyəti üçün bəlli olmadığını, beynəlxalq aləmdə layiqli yer tutmağın  öndə durduğunu, iqtisadi tənəzzülün hər yerdə özünü büruzə verdiyini qeyd edib. Forumun keçirildiyi salonda 1994-cü ildə “Əsrin müqaviləsi” imzalandığını  və hamıya böyük ümidlər verdiyini xatırladan Prezident İlham Əliyev deyib: “...O vaxt bu layihənin icrasını proqnozlaşdırmaq, əlbəttə ki, mümkün deyildi. Ümidlər var idi, amma əminlik yox idi. 1996-cı ildə “Şahdəniz” qaz yatağı üzrə kontraktın imzalanması da əlavə ümidlər verdi, amma Gənclər Günü təsis ediləndə, - 25 il bundan əvvəl, - əlbəttə ki, bu layihələrin ölkəmizə nə dərəcədə xeyir verəcəyini heç kim proqnozlaşdıra bilmirdi. Yüz minlərlə məcburi köçkün ağır vəziyyətdə yaşayırdı, öz doğma torpaqlarından qovulmuş insanlar çadırlarda, vaqonların altında, uyğunsuz binalarda yaşayırdı. Yəni, bu idi ovaxtkı mənzərə. Üstəgəl, nizami ordu yaradılmamışdı və nizami ordunun olmaması Birinci Qarabağ müharibəsindəki məğlubiyyətə gətirib çıxardı. Bütün digər xarici amillərlə yanaşı, Ermənistana göstərilən böyük xarici maliyyə və hərbi dəstəklə yanaşı, onu da deməliyik ki, o vaxt Azərbaycanda nizami ordu yox idi”.

Ulu Öndər Heydər Əliyevin məhz belə bir vəziyyətdə  Gənclər Gününü təsis etdiyini, o vaxt hətta hakimiyyətdə olanlardan bəzilərinin ölkə qarşısında həlli bundan vacib məsələlərin durduğunu söylədiyini xatırladan Prezident İlham Əliyev deyib: “Ancaq Ulu Öndər həmişə olduğu kimi, uzaqgörənlik göstərərək məhz gənclərə üz tutdu, onları dəvət etdi, onlara öz tövsiyələrini verdi və gəncləri gələcək inkişaf üçün təşkilatlandırmaq və hazırlamaq üçün əməli-praktik addımlar atıldı. Əgər biz bu kiçik bir tarixi ekskursa nəzər salsaq görərik ki, Heydər Əliyev nə qədər haqlı idi. Çünki bu gün cəmiy­yətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır. Gənclərin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir və əlbəttə ki, yeni nəslin vətənpərvərlik ruhunda, dövlətə sədaqət əsasında yetişdirilməsi Heydər Əliyevin xidmətləri arasında önəmli yer tutur”.

Bu gün Azərbaycanın inamla irəliyə baxdığını, ölkə qarşısındakı əsas vəzifələrin öz həllini tapdığını vurğulayan dövlətimizin başçısı deyib: “Mən, əlbəttə, Qarabağ məsələsini nəzərdə tuturam. Digər sahələrdə inamla addımlayırıq. Mən son illərin əsas hadisələrini sadalamağa başlasam, bir neçə saat vaxt lazım olacaq. Sadə-cə olaraq, demək istəyirəm, indiki gənclər üçün imkanlar təbii ki, daha genişdir və gənclər bu imkanlardan istifadə etməlidirlər. Biz azad ölkədə yaşayırıq, sabitlik olan ölkədə yaşayırıq, özünə güvənən ölkədə yaşayırıq. Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq və gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda, dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar. Mən bu sözləri deməklə, eyni zamanda, Azərbaycan gənclərinə həm ürək sözlərimi deyirəm, həm də təşəkkür sözümü deyirəm. Çünki bir çox hallarda, xüsusilə Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur və biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik”.

 

***

Prezident çıxışını yekunlaşdırdıqdan sonra gənclərin suallarını cavablandırıb və dövlətimizin başçısı bu zaman ölkə həyatı, dövlət siyasəti ilə bağlı bir sıra məsələlərlə yanaşı müasir Azərbaycan gəncliyinin qarşısında duran vəzifələr, işğaldan azad olunan torpaqlarımızın dirçəldilməsi, yenidən qurulması və bərpası işlərində gənclərin iştirakı məsələlərinə də münasibət bildirib, gənclərə öz tövsiyələrini verib. Həmin məsələlərə dair sualları və dövlətimizin başçısının cavablarını olduğu kimi dərc edirik.

Vətən müharibəsi iştirakçısı Orucəli Abbaszadə: Mən Vətən müharibəsi iştirakçısı, gənclər üçün Prezident mükafatçısı, Heydər Əliyev Fondunun layihə koordinatoru və Sizin iştirakınızla açılan Hərbi Qənimətlər Parkının meneceriyəm.

Cənab Prezident, mənim 24 yaşım var və mən Sizin Ali Baş Komandan olduğunuz dövrdə yetişən gənclərdənəm. Siz Şuşaya səfəriniz zamanı Cıdır düzündə Azərbaycan gəncləri haqqında danışdınız. Milli ruhda böyüyən bu gənclərin, xüsusən də Sizin prezidentlik dövrünüzdə yetişən gənclərin Vətən müharibəsindəki rolunu vurğuladınız. Sualım belədir: milli ruhda yetişən bu gənclər bundan sonrakı dövrdə hansı addımlar atmalıdır ki, mənfur düşmənin Azərbaycan xalqının başına gətirdiyi bu bəlalar bir də təkrarlanmasın və müasir Azərbaycan gənci nələr etməlidir ki, ölkəmizin inkişafı üçün daha çox töhfə vermiş olsun? Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Sağ ol. Həqiqətən bu, belədir.

Azərbaycanda 29 yaşına qədər insanlar gənclər sayılır. Əgər belə demək mümkündürsə, bu gün ən yaşlı gəncin mən Prezident vəzifəsinə birinci dəfə seçiləndə 11 yaşı var idi. Yəni, bu, reallıqdır. Mən çalışmışam ki, fəaliyyətim dövründə gənclərin tərbiyə olunması ilə bağlı daha çox işlər görək. Çox şadam, fəxr edirəm ki, Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu, hər birimiz üçün qürur mənbəyidir. Çünki elə bir gənc nəsil yetişdi ki, hətta Qarabağı görməyən, o acı tarixi görməyən gənclər Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət uğrunda ölümə gedirdilər və şəhid oldular, qazi oldular və müzəffər Ordumuzun şöhrətini yüksəklərə qaldırdılar. Əgər bu siyasət olmasaydı, əgər gənclər vətənpərvərlik ruhunda tərbiyə almasaydılar, bilmək olmazdı müharibənin nəticələri necə ola bilərdi.

Əlbəttə, müharibədə əldə edilmiş Qələbənin bir çox səbəbləri var: həm ölkədaxili səbəblər, həm də bizim xarici müstəvidəki fəaliyyətimiz, əlbəttə ki, güclü iqtisadiyyatımız, ordumuzun müasirləşdirilməsi. Ancaq əsas amil vətənpərvərlikdir. Bunu mən, sadəcə olaraq, xoş söz üçün demirəm. Bunu mən Ali Baş Komandan kimi müharibə dövründə hər an, necə deyərlər, bütün əməliyyatlara rəhbərlik edən şəxs kimi deyirəm və görürəm ki, bəzi hallarda, hətta çətin anlarda bizim hərbçilərimiz mümkün olmayanı da reallığa çevirmişlər. Milli ruh, milli ləyaqət və vətənpərvərlik onları irəliyə aparırdı. Belə xalq­la heç kim mübarizə apara bilməz. Bilirsiniz, müharibənin bir çox dərsləri var – həm bizim üçün, həm bütün dünya üçün, region üçün. Onlardan biri də odur ki, azərbaycanlılarla mübarizə aparmaq, müharibə aparmaq çox baha başa gələ bilər.

Əlbəttə ki, bu nəslin yetişdirilməsi üçün biz, sadəcə olaraq, hansısa proqramları tərtib edib, müşavirə keçirib, məruzə dinləyib öz işimizi məhdudlaşdıra bilməzdik. Vətənpərvər olmaq üçün hər bir insanın ürəyində Vətənə bağlılıq olmalıdır, sədaqət olmalıdır. Ancaq, eyni zamanda, hər bir insan, xüsusilə gənclər haqlı olaraq öz Vətəni ilə fəxr etməlidir. Müstəqilliyimizin 30 illiyini keçən il qeyd etmiş ölkə kimi bu gün biz deyə bilərik, elə ölkə yaratmışıq ki, hər bir vətəndaş bu ölkə ilə fəxr edə bilər. Çünki istənilən sahəyə baxdıqda görürük ki, doğrudan da böyük tarixi nailiyyətlərə imza atmışıq. Əlbəttə, problemlər də var, çatışmazlıqlar da var. Bu çatış­mazlıq­larla mübarizə aparırıq və aparacağıq. Amma əgər, ümumiyyətlə, bu tarix kəsiyində bu dövrü təhlil etsək görərik ki, biz tarixi nailiyyətlərə imza atdıq. Dediyim kimi, müharibədə sinəsini qabağa verənlər arasında gənclər əksəriyyət təşkil edir.

Əlbəttə, Vətən müharibəsi ona görə Vətən müharibəsi adlandırılır ki, bütün xalq bu müharibədə Qələbə əldə etmək üçün çalışırdı. Mən əvvəlki çıxışlarımda dəfələrə demişdim ki, hər birimiz, hər gün bu müqəddəs Qələbə gününü yaxınlaşdırmalıyıq. Mənim bütün sahələr üzrə fəaliyyətimin məqsədi məhz Qarabağ məsələsinin həlli idi: bu və ya digər addım bizi Qələbəyə nə dərəcədə yaxınlaşdıracaq. Yaşlı nəsil, təcrübəli insanlar, komandirlər, gənclər, xalqımız bir orqanizm kimi, bir yumruq kimi birləşdi və tarixi ədaləti bərpa etdi.

Gənclərin isə, yenə də deyirəm, bu sahədə rolu böyükdür. Bu gün bizim qəhrəman gənclərimiz - dövlət tərəfindən yüksək orden, medallarla təltif edilmiş gənclərimiz gənc yaşlarında uşaqlar üçün nümunə olublar, 18, 20, 25, 30, 35 yaşında nümunə olublar. Onlar bu məsuliyyəti dərk edirlər və həyatda özlərini elə aparmalıdırlar ki, bu yüksək məsuliyyət daim onların üzərində olsun, uşaqlar, yeniyetmələr onlara baxıb, onlar kimi olmaq istəsinlər. Müharibədə iştirak etmiş və qəhrəmanlıq göstərmiş on minlərlə Azərbaycan gəncinin üzərinə indi bax, bu məsuliyyət düşür və əminəm ki, gənclər bunu dərk edir və öz əməlləri ilə yeni yetişən nəsil üçün də nümunə olacaqlar.

Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin əməkdaşı Şəhla Talıbzadə: Cənab Prezident, mən, Sizin təşəbbüsünüzlə Şuşada Topxana meşəsinin bərpası layihəsində iştirak etmişəm. Həmin gün mənim həyatımda qürurverici anlarla yadda qaldı. Biz orda Sizin rəhbərliyinizlə həyata keçirilən genişmiqyaslı abadlıq, quruculuq işləri ilə tanış olduq. Biz gənclər işğaldan azad olunan torpaqlarımızın dirçəldilməsi, yenidən qurulması və bərpası işlərində iştirak etməyə hər zaman hazırıq. Cənab Prezident sualım da elə bununla bağlıdır. Bütün bu abadlıq, quruculuq, yenidənqurma işlərində növbəti addımlarda biz gənclərin üzərinə hansı vəzifələr düşür və bununla bağlı bizi hansı təşəbbüslər, hansı layihələr gözləyir?

Prezident İlham Əliyev: Sağ olun. Bərpa işləri geniş vüsət alıb. Keçən il gördüyümüz işlər haqqında kifayət qədər məlumat verilib. Həm mən məlumat vermişəm, həm aidiyyəti qurumların nümayəndələri, eyni zamanda, media vasitəsilə geniş işıqlandırılıb, təkrar etmək istəmirəm. Bu il isə həm ənənəvi işlər, yəni, infrastruktur işləri, eyni zamanda, məcburi köçkünlər üçün nəzərdə tutulmuş yaşayış binalarının inşası da artıq başlanacaq.

İnfrastruktur işlərinə gəldikdə, biz keçən il bütün enerji şəbəkəmizi qurmuşuq. Ancaq bildiyiniz kimi, ermənilər Kəlbəcər və Laçın rayonlarını tərk edəndə, onlara vaxt verilmişdi. Əfsuslar olsun ki, onlar bu müddət ərzində bizim meşələrimizi qırmışlar, evləri yandırmışlar, eyni zamanda, orada mövcud olan su elektrik stansiyalarını da söküb dağıtmışlar. Ona görə keçən il biz artıq buna başlamışıq. Azad edilmiş torpaqlarda bu il 5 su elektrik stansiyası inşa ediləcək. Bu, həm ümumi enerji potensialımızı gücləndirəcək, həm də hər yeni yaradılan infrastruktur ob­yekti iş yerlərinin yaranmasına gətirib çıxarır. Məsələn, Şuşa şəhərində oteldə və digər yerlərdə işləyənlərin bir çoxu şuşalıların uşaq­larıdır, şuşalılardır. Düzdür, onlar uşaq olublar, onlar sizin kimi gəncdirlər. Amma onlar orada artıq fəaliyyət göstərirlər. Bütün şəhərlərimiz dirçəldikcə bu iş yerlərində, ilk növbədə, müasir biliklərə malik olan gənclər, azad edilmiş rayonlardan olan gənclər işləməlidirlər.

Bu il nəzərdə tutulan layihələr arasında mən Ağalı kəndinin inşasının artıq tamamlanmasını qeyd etməliyəm. Bu, pilot layihədir, bunun böyük rəmzi mənası var. Çünki artıq bu il ilk keçmiş köçkünlər öz doğma torpağına qayıdacaqlar və Ağalı kəndi elə bil bizim istədiyimizin təcəssümüdür. Biz bu torpaqlarda hansı səviyyəni görmək istəyirik, insanlar üçün yaradılacaq hansı rahatlığı görmək istəyirik, bu layihədə öz əksini tapıb. Amma, eyni zamanda, bu, pilot layihədir. Bu layihə ilə bağlı gedən işlərə ondan sonra qiymət veriləcək, təhlil aparılacaq və növbəti layihələr əminəm ki, bütün bu təhlili nəzərə alacaq. Amma bu, çox böyük rəmzi xarakter daşıyır. Çünki belə çıxır ki, müharibədən heç iki il keçməmiş biz haradasa, yaz-yay aylarında Ağalı kəndinin sakinlərini artıq orada yerləşdirmək istəyirik. İki il keçmədən artıq qayıdış başlayır. Bunun çox böyük rəmzi mənası var.

Zəngilan Hava Limanı bu il açılacaq. Orada da kifayət qədər iş yerləri açılacaq, o cümlədən gənclər üçün. İnfrastruktur layihələri, Zəngəzur dəhlizi... Biz 2023-cü ildə dəmir yolunu mütləq Ermənistan sərhədinə gətirəcəyik, avtomobil yolunun da tikintisi gedir. Yəni, bütün bu işlərdə gənclər fəal iştirak edirlər. Çünki orada müxtəlif sahələrdə indi minlərlə insan çalışır. Nəzərə alsaq ki, azad edilmiş torpaqlar həm “Ağıllı şəhər” modeli əsasında qurulacaq, “Ağıllı kənd”, ya-şıl enerji zonası - bütün bu yeni sahələr, yeni peşələr, əlbəttə, gənclərin sərəncamında olacaq. Çünki Dördüncü Sənaye İnqilabı ilə bağlı olan yeniliklər, ilk növbədə, Azərbaycanda gənclər tərəfindən mənimsənilir və gənclər xətti ilə biz bu siyasəti icra edəcəyik. İndi azad edilmiş ərazilərdə müxtəlif kənd təsərrüfatı layihələri icra edilir. Deyə bilərəm ki, bu il 40-50 min hektarda əkin işləri nəzərdə tutulur. Bu, bizim ərzaq təhlükəsizliyimizi təmin edəcək. Orada da işləyənlərin əksəriyyəti gənclərdir. Ona görə gənclər, əlbəttə ki, bu işlərdə qabaqcıl rol oynayacaq, onlar öz təşəbbüslərini də gərək ortaya qoysunlar. Gənclərin dünyagörüşü fərqlidir, dünyada gedən bütün müasir proseslərə onlar daha bələddir. Ona görə bax, bu torpaqlarda hansı işlər görülməlidir ki, oraya qayıdacaq insanlar, 30 il həsrət içində yaşamış insanlar çox gözəl şəraitlə təmin edilsin.

Mənim o bölgələrə səfərlərim əsnasında o bölgələrdən olan nümayəndələrlə də görüşlərim olub. Onlara da bizim planlarımız təqdim edilib və birlikdə müzakirə etmişik. Onlar öz şəhərlərini, kəndlərini necə görmək istəyirlər? Bu, mütləq nəzərə alınmalıdır. Eyni zamanda, müasir tələblər nəzərə alınmalıdır, memarlıq nəzərə alınmalıdır. Biz, əlbəttə ki, memarlıq baxımından gözəl şəhərlər yaratmalıyıq. Burada gənclərin yaradıcı missiyası çox qəbul olunandır. Əminəm ki, gənclər həm real layihələrin icrasında, eyni zamanda, yeni layihələrin təqdim edilməsində fəal olacaqlar.

Ruslan Qasımov: Çox hörmətli Ali Baş Komandan, cənab Prezidentimiz. Mən, Yeni Azərbaycan Partiyasının üzvüyəm, həm də Sizin dediyiniz kimi, dövlət dəstəyi ilə xaricdə beynəlxalq münasibətlər və diplomatiya üzrə təhsil alan bir gəncəm. Bilirsiniz ki, müasir qlobal dünyamızda müəyyən siyasi toqquşmalar, dini etiqadlar uğrunda mübarizələr gedir. Məhz belə halda, Siz bayaq çıxışınızda da vurğuladınız ki, gəncliyi ələ almaq asandır. Belə hal olduğu təqdirdə, bütün hədəflər gəncliyə yönəlir. Bu gün müasir Azərbaycan gəncliyi, əlbəttə ki, bu mövzuda Sizdən çox gözəl ilham, böyük güc, qüvvət alaraq düzgün hədəflərə doğru irəliləyir. Amma ətrafda əfsuslar olsun ki, bəzi kənar qüvvələrin müdaxiləsinə tuş gəlmiş gənclik də var. Mən, ilk öncə bilmək istəyirəm, Siz bu gəncliyə nə tövsiyə edirsiniz ki, bu cür kənar hədəflərə tuş gəlməsinlər.

Prezident İlham Əliyev: Bilirsiniz, kənar təsir məsələsinə gəldikdə, əlbəttə, ilk növbədə, gənclər bilməlidirlər ki, bu təsirin məqsədi nədir. Əgər bu məqsəd xoş niyyətlidirsə, bu, bir məsələ. Ancaq əfsuslar olsun, bizim üzləşdiyimiz mənzərə odur ki, bu məqsədin arxasında konkret planlar var və yenə də gənclər ən məqbul kateqoriya hesab olunur. Çünki gəncdirlər, onlar daha fəaldırlar. Hər bir cəmiyyətdə qüsurlar var, hər bir cəmiy­yətdə çatışmazlıqlar var, bu, qaçılmazdır. Biz görürük ki, bir çox yerlərdə, o cümlədən postsovet məkanında və digər yerlərdə, Yaxın Şərqdə bu dağıdıcı hərəkətlərin aparıcı qüvvəsi gənclər olur. Bunu biz rəngli inqilablarda görmüşük, Yaxın Şərqdəki toqquşmalarda görmüşük. Ancaq bunun arxasında, pərdənin arxasında gizlənən o, necə deyərlər, manipulyator səhnədə deyillər. Yəni, gənclər qabağa verilir, qurban verilir və bunun nəticəsində ölkələr idarəolunmaz vəziyyətə gətirilir və ondan sonra ölkələr de-fakto bölünür. İndi Yaxın Şərq ölkələrinə baxın. Faktiki olaraq artıq bu böhranla üzləşmiş ölkələr öz sərhədlərini formal olaraq saxlasalar da, de-fakto o sərhədlərə nəzarət etmirlər. Yəni, belə çıxır ki, Yaxın Şərqdə yeni de-fakto sərhədlərin müəyyən edilməsi prosesi davam edir. Hələ bu ərəb inqilablarından əvvəl belə fikirlər dolaşırdı ki, vaxtilə sərhədlər düzgün müəyyən edilməyib. Biz yaxşı bilirik ki, o sərhədləri kim müəyyən edib. Bir neçə ölkənin nümayəndəsi karandaşla yeni sərhədlər cızıblar və hesab edirdilər ki, buna onların haqqı çatır. Sonra gördülər ki, artıq o ölkələr böyüyür, əhali böyüyür, bəzi ölkələr zənginləşir və sözə baxmır. Ona görə qərara gəldilər ki, yeni bölgü aparılsın və de-fakto bu bölgü aparıldı. Daha mən xırdalamaq istəmirəm, hər kəs başa düşür mən nəyi nəzərdə tuturam. Nəticə etibarilə nə oldu? Ölkələr faktiki olaraq öz müstəqilliyini itirdilər. Bölündülər - biri üç yerə, biri dörd yerə, biri beş yerə. Bəzi yerlərdə, ümumiyyətlə bilinmir ki, kim nəyi idarə edir. Yəni, elə bil, necə deyərlər, ibtidai quruluşa doğru yuvarlanırlar. Kim bundan faydalanır? Yenə də pərdənin arxasında gizlənənlər. Çünki “böl və hökm sür” tezisi hələ də qüvvədədir. Bu, dərs olmalıdır? Əlbəttə, dərs olmalıdır.

Yadımdadır, ərəb baharı olanda burada da bəziləri deyirdilər ki, Azərbaycan da bu ərəb baharının bir parçası olmalıdır. Halbuki bizə bunun heç bir aidiyyəti yoxdur və Azərbaycanda daxili təhlükə mənbəyi də yoxdur. İndi postsovet məkanına baxaq. Orada da demək olar ki, ifaçılar eyni idilər. Postsovet məkanında neçə rəngli inqilab oldu? O ölkələrin xalqları daha yaxşı yaşamağa başladılar? Yox. Nə oldu? Xaos, anarxiya, idarəolunmaz vəziyyət. Bu günə qədər davam edən siyasi çəkişmələr, siyasi repressiyalar və iqtisadi cəhətdən deyə bilmərəm ki, üstünlük oldu. Əksinə, sabitlik pozulan yerlərə investisiya qoyulmur, nə yerli, nə xarici.

Biz də bu təhlükə ilə üzləşmişdik və mən yaxşı xatırlayıram 2003-cü ildə Prezident vəzifəsinə seçilmişdim. O vaxt da mənim qələbəmi şübhə altına almaq istəyənlər olubdur. Ancaq əsas gücü onlar 2005-ci ilə - parlament seçkilərinə saxlayırdılar. O vaxt bir çox postsovet ölkələrində rəngli inqilablar olmuşdu və hətta növbəti istiqamət Azərbaycan hesab olunmuşdu. Amma alınmadı. Nə üçün? Çünki xalq dəstəkləmədi, bir. İkincisi, o oyunçuları düzgün seçməmişdilər. Yəni, o marionet oyunçular o vəzifəni icra edə bilmədilər, özləri də biabır oldular. Amma bundan sonra o cəhdlərə ara verildi ki? Yox, yeni formalara keçdi. Yəni, 2005-ci ildə keçmədi, çalışdılar, ərəb baharı 2012-də keçmədi, ondan sonraya saxladılar.

Bununla yanaşı, informasiya təxribatları davam edir, informasiya agentliklərindən istifadə olunur. Amerika Prezidenti Donald Tramp “Washington Post” və “New York Times” qəzetlərini feyk-nyus adlandırıb. Bunu mən demirəm, o deyir. O, hər halda bizdən yaxşı bilir, nə nədir. Bu feyk-nyus artıq siyasi mübarizənin bir üsuluna çevrilib. Yalan məlumat ötürülür, ondan sonra əldə olan əlaltılar vasitəsilə bu yalan məlumat ətrafında müzakirə aparılır, sanki bu, bir həqiqətdir. Ondan sonra təhlil aparılır və insanların şüuruna artıq bu yalan həqiqət kimi ötürülür. Bu, çox bəsit bir texnologiyadır, amma əfsuslar olsun ki, bəzi yerlərdə bu, işləyir. İdarə edənlər də eyniləridir, yəni, qeyri-hökumət təşkilatları, dünyanın əsas qeyri-hökumət təşkilatları. Hamısı da Azərbaycana qarşı uzun illərdir mübarizə aparır, o cümlədən Qarabağ məsələsində. Hamısında da ermənilər aparıcı rollardadır. Onların adları da məndə var, sadəcə olaraq, bunu siz də tapa bilərsiniz - “Freedom House”, “Amnesty International”, “Human Rights Watch”, Soros və onun nəzarəti altında olan qurumlar, sərhədsiz reportyorlar. Hamısı anti-Azərbaycan mövqeyində dayanan, Azərbaycanı məhv etmək istəyən QHT-lərdir. Haradan maliyyə alırlar? Ona da baxmaq olar, böyük dövlətlərin büdcələrindən. Kim deməli musiqini sifariş edir, o da, necə deyərlər, söz sahibidir. Hədəf Azərbaycan-dır, Azərbaycan rəhbərliyidir. Çünki bütün başqa üsullardan istifadə etdilər, alınmadı. İnqilab alınmadı, çevriliş alınmadı, nə bilim, narazılıq yaratmaq alınmadı. Qarabağ məsələsindən istifadə edirdilər, o da alınmadı. İndi biz tarixi Zəfər çaldıq. Ona görə yeni üsullar axtarılır və hədəf gənclərdir. Çünki gəncləri yoldan çıxarmaq hesab edirlər ki, daha asandır.

Bu səylər davam edəcək. Nə qədər ki, biz dövlətçiliyin keşiyində dayanmışıq, müstəqil siyasət aparırıq, bu, davam edəcək. Deməli, biz elə etməliyik ki, bu, daim davam etsin. Elə etməliyik ki, gələcəkdə bu ölkənin məsuliyyətini öz üzərinə götürən siz gənclər elə etməlisiniz ki, heç vaxt onlar bizə qalib gəlməsinlər. Biz onları bütün meydanlarda məğlub etmişik – həm siyasi, həm də bütün başqa meydançalarda. Onların axırıncı arqumenti işğal edilmiş torpaqlar idi, o da onların əlindən çıxdı. Ona görə indi onlar Ermənistanla birlikdə yeni planlar cızırlar. Məsələn, indi internetdə məşhur şəkil var - Soros və Nikol Paşinyan. Bilmirəm, görmüsünüz, yoxsa yox, amma axtarsanız taparsınız. Baxın, necə də səmimi, bir-birinə sarılıb durublar, yapışıblar bir-birilərinə, sanki ikibaşlı əjdahadır. Ancaq əjdaha cılız çıxdı, bir şey alınmadı. Amma budur həqiqət, bütün dırnaqarası inqilablar arxasında eyni qüvvələr dayanır və bu inqilablar, o cümlədən Ermənistanda nəyə gətirib çıxardı, indi hər kəs görür.

Azərbaycan gəncləri, əminəm ki, bu fitnələrə heç vaxt uymayacaq. Azərbaycan gəncləri həm mülki həyatda, həm orduda, həm sərhəddə - hər yerdə öz böyüklüyünü dəfələrlə göstərmişlər və əminəm ki, dövlətimizin ləyaqətinin qorunması işində bundan sonra da fəal və uğurlu olacaqlar.

Oxşar xəbərlər